Uyğurlar üçün “tərbiyələndirmə düşərgələri”: BBC-nin araşdırması

Sincan polisinə aid kompüterlərinin serverindən Çinin son dərəcə məxfi bölgəsində çəkilmiş minlərlə fotoşəkil oğurlanıb. Əlimizə keçmiş bu materiallarda başqa dəlillər də var – ordan qaçmağa çalışanları odlu silahla öldürürlər. 

“Sincan polisinin faylları” bu ilin əvvəlində məlum olub. Biz onların həqiqiliyini müəyyənləşdirmək üçün aylarla çalışmışıq. Sızdırılan məlumatlar həmin bölgədə uyğurların və türk mənşəli digər xalqların internirasiyasıyla bağlı yeni və mühüm informasiya mənbəyidir. 

Faylların dərc edilməsi BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçeletin Sincanla tanışlıq üçün Çinə gəlməsiylə eyni vaxta təsadüf edib. Çin hökumətinin tənqidçiləri Baçeletin səfər proqramına hakimiyyətin ciddi şəkildə nəzarət edəcəyindən narahatdırlar. 

Sənədlər bir-birilə əlaqəli iki fərqli kütləvi həbs sistemindən – “tərbiyələndirmə düşərgələri”ndən və həbsxanalardan uyğurlara qarşı istifadənin görünməmiş təfərrüatlarını ortaya qoyur. Bu təfərrüatlar Çin hakimiyyətinin uyğurlar haqqında dərc etdiyi məlumatların doğruluğuna ciddi şübhə yaradır. 

Hökumət Sincanda 2017-ci ildə tikilmiş düşərgələrin sadəcə “məktəb” olduğunu iddia etsə də, polis sisteminin daxili instruksiyaları, gözətçilərin siyahısı və məhbusların indiyə qədər heç yerdə dərc olunmamış şəkilləri bu bəyanatla kəskin ziffiyyət təşkil edir.

Minlərlə insanın terrorçuluqda ittiham olunaraq həbs edilməsi internirasiya üçün bəhanə xarakteri daşıyır, polis sənədlərində isə çox sayda və son dərəcə sərt hökmlərə rast gəlinir. 

Sözügedən sənədlər uyğurlara aid identiktliyin, mədəniyyətin və inancının hər hansı formada təzahürünə qarşı yönəlmiş siyasəti və bu məsələrlə bağlı qərarların 

Çin lideri Si Tsinpin səviyyəsinə qədər gedib çıxdığını ifşa edən ən inandırıcı sübutlardır. 

Serverlərdəki fayllarda 2018-ci ilin yanvar-iyul aylarında 5 mindən çox uyğurun polislər tərəfindən çəkilmiş fotosu var. 

Digər məlumatlarda onlardan 2884-nün həbs olunduğu qeyd edilib. 

“Tərbiyələndirmə düşərgələri”ndəki uyğurlara gəlincə, bəzi əlamətlər gösətrir ki, Çin hakimiyyətinin iddiasına rəğmən, onlar ora heç də könüllü getməyiblər.

çin, uyğur

Həmin düşərgələrdə çəkilmiş şəkillərdən məlum olur ki, orda dəyənəklə silahlanmış gözətçilər var. 

Buna baxmayaraq çinli məmurlar insanların orda zorla saxlandığını israrla təkzib edirlər. 

“Sincandakı tərbiyə və təhsil mərkəzləri insanlara ekstremizmdən qurtulmağa kömək edən məktəblərdir” – 2019-cu ildə Çinin xarici işlər naziri Vanq Yi belə deyib.

Çin, uyğur
Şəklin alt yazısı,30 yaşlı İlham İsmayıl, tərbiyələndirilmək üçün 2018-ci ildə saxlanıb – səbəb göstərilmədən

Bir çoxlarını xarci görünüşü islam dininə mənsubiyyətini nişan verdiyinə və ya müsəlmanların sayca çox olduğu ölkələrə getdiklərinə görə saxlayıblar.

Tacıgül Tahirin fotosunun arxa planında əlidəyənəkli şəxslər görünür. Bu, hakimiyyətin geniş istifadə etdiyi “assosiasiya görə günah” vəziyyətinin bariz nümunəsidir. 

Sənədlərdə Tacıgülün oğlunu “güclü dini mövqeyi” olan şəxs kimi təsvir ediblər – spirtli işki içmədiyinə və siqaret çəkmədiyinə görə. Və terrorçuluq ittihamıyla haqqında 10 il həbs qərarı verilib. 

Tacıgülün özünü isə “saxlananların qohumları” kateqoriyasına aid ediblər. Onun kimi minlərlə insan ailə üzvlərinin “cinayətlərinə” görə şübhəli sayılır.

çin, uyğur

Bu kollaj saxlanan 2884 şəxsin fotosundan hazırlanıb

Bu şəkillər uyğur cəmiyyətinin bütöv təbəqələrinin ard-arda düşərgələrə və türmələrə göndərilməsinin unikal hesabatıdır.

Çin, uyğur
Şəklin alt yazısı,Saxlananlardan ən kiçiyini – Rahilə Öməri düşərgəyə aparanda onun cəmi 15 yaşı olub
Çin, uyğur

Sincan polisinin fayllarında (BBC-nin də daxil olduğu beynəlxalq jurnalistlər konsorsiumu sözügedən sənədləri belə adlandırır) minlərlə foto və sənəd var. 

Bunlara yüksək vəzifəli məmurların məxfi çıxışları, polis sisteminin daxili təlimatları və personalı haqqında şəxsi məlumatlar, 20 mindən çox uyğurun internasiya olunmasının təfərrüatları və məxfi yerlərdə çəkilmiş fotoşəkillər daxildir.

Çin, uyğur

Faylları jurnalistlərə verən mənbə iddia edir ki, onları Sincan polisinin bir neçə kompüterinin serverini sındırmaqla əldə edib, sonra da Amerika Kommunizm Qurbanlarının Xatirə Fondunda çalışan tədqiqatçı Adrian Zentsə göndərib. Daha əvvəl Sincanda baş verənləri araşdırdığı üçün Çin rəsmiləri Zentsə qarşı sanksiya tətbiq ediblər. 

Doktor Zents faylları BBC-yə verib. Biz bu sənədləri əldə edən şəxslə birbaşa əlaqə saxlasaq da, o, adının çəkilməsini istəməyib. 

Sənədlərdəki son tarix 2018-ci ilin sonlarına aiddir – ola bilsin, 2019-cu ilin əvvəlində şifrələmə standartları sərtləşdirildiyinə görə. Sonrakı sənədlər bu səbəbdən əlçatmaz olmuş ola bilər. 

Zents Sincan polisinin sənədləri haqqında Avropa Sinologiya Assosiasiyasının jurnalı üçün məqalə yazıb və bütün məhbusların şəkillərini və bəzi digər sübutları internetdə paylaşıb. 

“Material redaktə olunmayıb, müxtəlif sənədlərdən ibarətdir. Bizdə hər şey var – məxfi sənədlər, liderlərin öz düşüncələrini açıq şəkildə ifadə etdikləri çıxışların stenoqramları, elektron cədvəllər, şəkillər. Bu, indiyə qədər görünməmiş vəziyyətdir və Çin təbliğatının maskasını cırıb atır” – Zent BBC-yə belə deyib. 

Sincan polisinin dosyelərində Pekinin israrla “könüllü təhsil müəssisələri” adlandırdığı “tərbiyələrndirmə düşərgələri”nin həbsxana xarakterini fotoşəkillərdən daha yaxşı ifşa edən sənədlər var. 

Sistemin daxili protokollarında düşərgələrin hər yerində həmişə silahlı mühafizəçilər olduğu, gözətçi qüllələrində pulemyotların və snayper yuvalarının yerləşdirildiyi bildirilir, qaçmağa cəhd edənlərin odlu silahla öldürülməsi siyasətinin mövcudluğundan bəhs edilir. 

Düşərgələrdə hansısa idarəyə və hətta xəstəxanaya aparılan hər bir “tələbənin” mütləq gözlərini bağlamaq, əllərinə və ayaqlarına qandal vurmaq qaydası var. 

Onilliklər ərzində Sincanda separatçı əhval-ruhiyyə artıb və bu, ara-sıra zorakılıq hallarıyla nəticələnib. Dövlət tədricən əyalət üzərində nəzarəti gücləndirib. 

2013 və 2014-cü illərdə Pekində və Çinin cənubundakı Kunmin şəhərində piyadalara və sərnişinlərə qarşı ölümlərlə nəticələnmiş iki hücum baş verib, hökumət bunda uyğur separatçılarını və radikal islamçıları günahlandıraraq siyasətdə sərt dəyişikliklərə start verib. 

Dövlət uyğur mədəniyyətini problem olaraq görməyə başlayib və artıq bir neçə il sonra peyk fotoşəkillərində uyğurların məhkəmə qərarları olmadan göndərildiyi yüzlərlə nəhəng “tərbiyələndirmə düşərgəsi” peyda olub. 

Digər nəzarət vasitəsi kimi Sincan həbsxanalarından istifadə olunub – xüsusilə də düşərgələrdə normal məhkəmə prosesinin olmamasıyla bağlı beynəlxalq tənqidlər artandan sonra. 

Bu ikili sistem 250 mindən çox uyğurun adlarının, ünvanlarının və identifikasiya nömrələrinin, o cümlədən, kimin nəyə görə və hansı tip müəssisədə saxlanmasıyla bağlı təfərrüatların qeyd olunduğu 452 elektron cədvəldə daha aydın görünür. 

Sənədlər həm düşərgələrdəki, həm də həbsxanalardakı amansız internasiyanı əks etdirir, minlərlə insanı rastgələ həbs etmək üçün əyalətə göndərilən Çin məmurlarının qərəzli münasibətini göz önünə sərir. İnkişaf etmiş müşahidə sistemi və insanlar haqqında toplanmış böyük məlumat bazası bu işdə onların köməyinə gəlir. 

Sənədlərdə insanların uzun illər, hətta onilliklər əvvəl törədilmiş “cinayətlərə” görə köhnə tarixə rəsmiləşdirilən cəzalara məruz qalmasıyla bağlı saysız-hesabsız nümunələr var. Məsələn, bir nəfər 2010-cu ildə bir neçə gün “nənəsiylə islam mətnlərini öyrəndiyinə” görə 2017-ci ildə 10 il həbs cəzasına məhkum edilib. 

Yüzlərlə insanı cib telefonundan istifadəyə görə tutublar – əsasən “qanunsuz dini mühazirələr” dinləmək və ya məlumatları şifrələyən proqramlardan istifadə etmək ittihamıyla. 

Digərlərinə isə əksinə, cihazlarından az istifadə etdikləri üçün 10 ilə qədər həbs cəza verilir – telefondakı “sıfır balans” vəziyyətinin daimi rəqəmsal nəzarətdən yayınmaq cəhdi kimi şərh edildiyi yüzdən çox hal var. 

Cədvəllərdən görünür ki, kiçik də olsa bəhanə tapmaq üçün uyğurların həyatları süzgəcdən keçirilir, sonra da “mübahisələr” və ya “asayişi pozmaq” kimi geniş ittiham siyahısına çevrilərək ciddi terror aktları səviyyəsində – 7, 10, 25 illik həbslə cəzalandırılır. Əgər bu siyahılarda həqiqi terrorçular varsa belə, onları əməllərinə görə deyil, milli kimliklərinə görə tutulan minlərlə insan arasında tapmaq olmaz. 

Dursun Qədirlə bağlı məlumatlarda onun 1980-ci illərdə bəzi xütbələri və islam mətnlərini öyrəndiyi, daha sonrakı illərdəsə “dini ekstremizmin təsiri altında saqqal uzatması” cinayətini törətdiyi qeyd edilir.

Buna görə 58 yaşlı kişini 16 il 11 ay müddətinə azadlıqdan məhrum ediblər. Sənədlər arasında Dursunun dövlət onu öz uyğur kimliyini qeyri-qanuni formada ifadə etməkdə günahlandırandan əvvəlki və sonrakı fotoşəkilləri var. 

Sincan polisinin sənədləri çoxsaylı yoxlamaların və daimi nəzarətin hətta düşərgədə və ya həbsxanada olmayanlar üçün də yorucu nəticələrini ortaya qoyur. 

Görüntülərdən məlum olur ki, öz evlərində yaşayan uyğurları da kütləvi şəkildə şəkil çəkdirməyə çağırıblar. Çəkilişlərin vaxtı göstərir ki, azyaşlı uşaqları olan ailələr və qocalar da daxil olmaqla, icmaları günün istənilən vaxtında, o cümlədən, gecə saatlarında da polis bölmələrinə yığıblar. 

Fayllara adqoyma sistemi düşərgələrdə və həbsxanalarda çəkilmiş fotoşəkillər üçün istifadə olunan sistemin eynidir. Ola bilsin ki, bu, üztanıma texnologiyası vasitəsilə toplanmış informasiyanı Çinin uzun müddətdir hazırladığı məlumat bazasına yerləşdirmək üçün edilir. 

Sızdırılan sənədlər həmin insanları gözləyən təhlükələri nümayiş etdirir. 

2018-ci ildə polis əməkdaşları Tursun Memetimin və Aşigül Turgun cütlüyünün fotolarını çəkiblər, 5 aydan sonrasa onları 6 il əvvəl başqasının mobil telefonunda “qeyri-qanuni mühazirəni dinləmək” ittihamıyla istintaq təcridxanasına göndəriblər.

Çin, uyğur

BBC