Azərbaycan ordusuna ən böyük pislik ordunu cəzaçəkmə müəssisəsi kimi təsəvvür etməkdir

AXCP sədri Əli Kərimli

AXCP Gənclər Komitəsinin çoxlu sayda fəalları, funksionerləri 2-ci Qarabağ savaşına könüllü olaraq qatıldı. Vətən uğrunda ləyaqətlə vuruşdu. Şəhid olanlar da, ağır yaralananlar da, orden və medallarla təltif olunanlar da çox oldu. AXCP Gənclər Komitəsinin sədri Emil Səlim digər cəbhəçi gənclərdən nə artıq, nə də əskik deyil. Emil bəy elə bir vətənpərvər gəncdir ki, səhhətində ciddi problem olmasaydı, nəinki əsgəri xidmətə, hətta savaşa belə sevə-sevə gedərdi. Ancaq təəssüf ki, Emil bəyin səhhətində ciddi problemlər var. Emil bəyin artıq 30 yaşı olub. Yəni əsgərlik yaşına vaxtı 12 il öncə çatıb. Ancaq bu 12 ildə dəfələrlə, 10-larla həkimin iştirakı ilə tibbi müayinədən keçib və hər dəfə məhz həkimlər onun səhhətinin hərbi xidmətə imkan vermədiyini yazıblar.

İndi isə görünür siyasi tapşırıq gəlib, Emil bəyi bir neçə saatda bütün müayinələrdən keçirib (sağlam çıxarıb) təcili əsgər aparmaq istəyirlər.
Hökumət bu yanlışında israrlı olub, ciddi xəstəliklərinə rəğmən Emil bəyi əsgər aparacaqsa da, Emil bəy səhhətinə rəğmən yenə də Vətənə sevə-sevə xidmət edəcək.

Ancaq biz vətəndaşlar bilməliyik ki, Əliyev hakimiyyəti müxalifətlə yarışdan qorxur. Rəqabət qabiliyyətli deyil. Rejim narahatdır ki, ondan asılı olmayan səbəblərdən birdən demokratik açılıma getməyə məcbur olar. Ona görə də öz aləmində belə yollarla rəqib komandanı zəiflədir. Bu hadisədə rejim üçün ayıb olan ikinci məqam da budur ki, Azərbaycan ordusuna cəzaçəkmə yeri kimi baxır. Vətənə xidmət kimi müqəddəs işi siyasi rəqibinə qarşı məhdudlaşdırıcı vasitə kimi istifadə edir. Emil bəy istedadlı gəncdir, bacarıqlı siyasətçidir. Ancaq AXCP Gənclər Komitəsi nüfuzlu və kütləvi təşkilatdır. Emil bəyin 1 illik “təcridi” Gənclər Komitəsini qətiyyən zəiflətməyəcək. Tam əksinə, bu hadisə növbəti dəfə sübut edəcək ki, rejim açıq rəqabətdən qorxur və ömrü ilk demokratik seçkiyə qədərdir.