Mingəçevirdə inşa olunan başıbəlalı Dövlət Rəmzləri Muzeyi Prezident İlham Əliyev açılışını etdi, icra başçısı İlham İsmayılov qapısını qıfılladı
2018-ci ilin dekabrında, İlham İsmayılov Mingəçevir şəhər İcra Hakimiyyətinə başçı təyin olunduqdan 7 ay sonra, 2019-cu ilin iyulunda şəhərdə Dövlət Rəmzləri Muzeyinin təməlqoyma mərasimi oldu. Muzeyin inşası üçün vaxtilə şəhərin ən böyük rəsmi parkı olan, sonralar yerli məmurlar tərəfindən hissə-hissə satılan və bu gün yalnız quru adı qalan “Dostluq” parkının ərazisi seçildi. Muzey təxminən 9 aya inşa olundu.
Qeyd edək ki, insanlar iş, çörək axtarışındaykən, sakinlərin mənzil təminatlarının yaxşılaşdırılmasına ehtiyac duyulduğu bir dövrdə “Mingəçevir kimi kasıb bir şəhərdə muzeyə nə gərək vardı” deyənlər az olmadı. Lakin İlham İsmayılovun əshabələri “şəhər rəhbərini hər şeydən öncə işin mənəvi və ideoloji tərəfi düşündürür, siz belə şeyləri başa düşməzsiniz” deməklə yeni başçının müdafiəsinə qalxdılar. Sanki dövlətin vəsaiti ilə muzey inşa etdirən icra başçısı İlham İsmayılov dövlətçiliyi daha çox qoruyumuş, Vətəni daha artıq sevirmiş, müstəqilliyi lap çox istəyirmiş, onun kimi düşünməyənlər isə yox.
2020-ci il iyunun 25-də Mingəçevirə səfər edən Prezident İlham Əliyev muzeyin açılışını bildirən rəmzi qırmızı lenti kəsdi. Dövlət başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilərək bildirildi ki, burada Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən hazırlanmış ayrı-ayrı dövrlərə uyğun Azərbaycan xəritələri, Orta Əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, Azərbaycan dövlətlərinin və xanlıqlarının bayraqları, əsgərlərin döyüş geyimləri, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar və s. sərgilənir.
Ərazidə 200 yerlik yay səhnəsi də tikilib.
Lakin ölkə başçısı ayağını Mingəçevirdən kənara qoyan kimi muzeyin qapısı ziyarətçilərin üzünə qapadıldı. Yerli sakinlər yarızarafat-yarıciddi deyirlər ki, muzeyin açarını icra başçısı özüylə gəzdirir.
Bəs görəsən, muzeyin qapılarının bu günədək bağlı qalmasına səbəb nədir?
Əldə etdiyimiz məlumatlara görə, İcra Hakimiyyəti tərəfindən müəyyən rəsmi hazırlıqlardan sonra muzey Mədəniyyət Nazirliyinin balansına veriləcək. Bərdə Regional Mədəniyyət İdarəsindən isə muzeyin hələ ki onların səlahiyyətinə verilmədiyi iddia edilir. O zaman sual yaranır: Muzeylə bağlı bütün rəsmi sənədləri 2 il öncə – dövlət başçısının açılışa qatıldığı tarixəcən hazırlayıb bitirmək doğru olmazdımı? Məntiqlə muzey bu günlərdə fəaliyyətinin ikinci ilini qeyd etməliydi. İnşası 9 aya başa çatdırılan muzeyin sənədləşdirilməsi işinin 2 il boyunca yubadılmasına görə kim(lər) məsuliyyət daşıyır(lar)?
Belə çıxır ki, muzeyin bəh-bəhlə açılışı, düzənlənən mərasim, Prezidentə verilən raport-filan hamısı görüntü üçünmüş. Əshabələrinin “İlham İsmayılovu hər şeydən öncə işin mənəvi və ideoloji tərəfi düşündürür” söyləntiləri isə quru şüardan və populizmdən savayı bir şey deyilmiş.
Azər