“Görünür, cənab Kissincerin təqvimi 2022-ci ili deyil, 1938-ci ili göstərir”
Rusiya Ukraynanın Donbas regionunda onlarla şəhəri atəşə tutur, iki əsas şəhəri mühasirəyə almağa çalışır. Minlərlə dinc sakin isə çıxılmaz vəziyyətdə qalıb.
Ukrayna ordusunun mayın 26-da yaydığı məlumata görə, Rusiya qüvvələri Donbasda Kiyevin əlində olan 40 şəhəri bombardman edir, Siverski Donets çayının hər iki sahilində yerləşən Severodonetsk və Lisiçansk şəhərlərinə doğru irəliləyir, döyüşlər Severodonetskin yaxınlığında gedir.
Rusiya qüvvələri o qədər irəliləyiblər ki…
Rusiya qüvvələri o qədər irəliləyiblər ki, minaatanlardan istifadə edə bilərlər, bunu Luqansk vilayətinin qubernatoru Sergey Qayday mayın 25-də deyib.
Bu iki şəhəri tutmaqla Luqansk vilayəti bütünlükdə Rusiyanın nəzarətinə keçə bilər. Kremlin müharibədə əsas hədəflərindən də biri budur.
Lisiçanskda isə polis kütləvi məzarlıqlarda basdırılmış cəsədləri yığır. Qaydayın sözlərinə görə, Lisiçanskın bir rayonunda kütləvi məzarlıqda 150 nəfər basdırılıb.
Mayın 26-da Rusiyanın TASS agentliyi Moskvanın dəstəklədiyi separatçılara istinadla yazıb ki, onların əlində 8 minədək ukraynalı hərbi əsir var. Amma bu iddianı müstəqil təsdiqlətmək mümkün olmayıb.
Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Oleksey Arestoviçin dediyinə görə, Rusiya ordusu “müəyyən taktiki uğur əldə edir, bu, Lisiçansk və Severodonetsk istiqamətində əməliyyat uğuruna çevrilə bilər”.
Kissincer və “New York Times”
Zelenski isə ötən gecəki çıxışında Qərbdən kömək istəyib.
“Bizə tərəfdaşlarımızın köməyi lazımdır, Ukraynaya hər şeydən vacib silah lazımdır. Tam, istisnasız, limitsiz, qələbə çalmağa yetəcək kömək”, – deyən Zelenski Qərbdə bəzilərini Rusiyanın maraqlarına daha çox diqqət ayırmaqda suçlayıb. O, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin və “New York Times” qəzetinin adlarını vurğulayıb.
98 yaşlı Kissincer bu həftə Davosda Dünya İqtisadi Forumunda deyib ki, Rusiyanın fevralın 24-də başladığı işğaldan öncəki “status kvo”ya qayıtmaq ideal olardı. Bu isə Ukraynanın 2014-cü ildə Rusiya tərəfindən ilhaq olunmuş Krımı və şərqdə Moskvanın dəstəklədiyi separatçıların nəzarətində olan əraziləri itirməsi deməkdir.
“Görünür, cənab Kissincerin təqvimi 2022-ci ili deyil, 1938-ci ili göstərir”, – deyə Zelenski 80 il öncə Çexoslovakiyanın bir hissəsinin nasist Almaniyasına verilməsini nəzərdə tutan razılaşmanı yada salıb.
“The New York Times” isə mayın 19-da redaksiya məqaləsində yazıb ki, Ukraynanın qətiyyətli hərbi qələbəsi real olmadığından danışıqlar yoluyla sülh üçün Kiyevdən müəyyən güzəşt tələb oluna bilər.
“Yəqin, New York Times 1938-ci ildə də oxşar nəsə yazıb. Amma yadınıza salıram ki, indi 2022-ci ildir”, – Zelenski vurğulayıb.
Rusiyanın işğalı Qərbin ona sərt sanksiyaları ilə nəticələnib. Müharibə dünyada buğdanı, bitki yağını, gübrə və enerjini bahalandırıb. BMT qlobal ərzaq qıtlığını önləmək üçün Rusiya hakimiyyətini Ukrayna limanlarından buğdanın ixracına imkan verməyə çağırıb.
Azadlıq radiosu