“Görünür, cənab Kissincerin təqvimi 2022-ci ili deyil, 1938-ci ili göstərir”
Britaniyanın xarici işlər naziri Liz Trass Rusiya prezidenti Vladimir Putini sakitləşdirmək üçün onun “qılığına girmək” cəhdlərinin təhlükəli olduğunu bəyan edib.
O deyib ki, Rusiyanın Ukraynaya qarşı bu müharibəsində Moskvanın məğlubiyyətini təmin etmək məqsədindən bir addım da geri çəkilmək olmaz:
“Rusiyanın təcavüzünü sakitləşdirmək mümkün deyil. Biz buna güclə cavab verməliyik. Biz Ukraynanın qələbəsini hərbi yardım və sanksiyalarla təmin etmək əzmində barışmaz olmalıyıq. Biz artıq ayağımızı qaz əyləcindən götürə bilmərik”.
Xanım Trass deyib ki, Qərb yaxın keçmişdən nəticə çıxarmalı, Putinin Qərb ölkələrindən müxtəlif güzəştlər qoparandan sonra Gürcüstana, daha sonra isə Krım və Donbasa basqın etdiyini unutmamalıdır.
Bu arada Estoniyanın baş naziri Kaya Kallas da avropalı həmkarlarını Putinin qarşısınında hər hansı zəiflıik nümayiş etdirməkdən çəkinməyə çağırıb.
“Ukrayna üçün pis şərtlərlə bağlanmış sülh – bizim hamımız üçün pis sülh olacaq. Təcavüzkara bu xırda görünən güzəştlər böyük müharibələrə aparıb çıxarır”.
Putin Dragiyə deyib ki…
Bundan daha əvvəl Putin demişdi ki, Rusiya dünya ərzaq qıtlığının aradan qaldırılmasına nəzərəçarpacaq kömək edə bilər, amma bunun müqabilində Moskva üzərindəki bütün sanksiyalar qaldırılmalıdır.
Reuters agentliyi mayın 26-da yazıb ki, Putin bu fikri İtaliyanın baş naziri Mario Dragi ilə telefon söhbəti zamanı səsləndirib.
Kremlin bildirdiyinə görə, Putin Dragiyə Rusiyanın Azov və Qara dəniz limanlarından mülki gəmilərin hərəkəti üçün humanitar dəhlizlərin açılması sahəsində gördüyü tədbirlərdən danışıb.
Putin bundan başqa Dragiyə Rusiya qazının İtaliyaya fasiləsiz nəql olunacağına dair zəmanət verib.
Avropa İttifaqı və G7 qrupunun liderləri Putini planeti ərzaq qıtlığı ilə şantaj etməkdə ittiham edirlər.
Azadlıq radiosu