Krım türklərinin faciəsi

Milli Şuranın sədri, professor Cəmil Həsənli

Bu gün – 18 may (1944-cü il) Krım türklərinin öz dogma yurdlarından sürgün edildiyi gündür. İkinci Dünya müharibəsinin sonunda Sovet-Türkiyə münasibətlərində yaranmış gərginlik Qafqazın və Krımın türk əhalisinin taleyində faciəli rol oynadı. 1944-cü ilin mayında Krım türklərinin sürgün edilməsi haqqında Dövlət Müdafiə Komitəsinin verdiyi qərar müharibə zərurəti və hərbi əməliyyatlarla bağlı
hadisələr deyildi. Bütün bunlar artıq əlamətləri hiss edilən Türkiyəyə qarşı təzyiq siyasətinə hazırlıq tədbirləri idi. Krım türklərinin departasiya edilməsi haqqında əməliyyatın keçirilməsinə razılılıq 1944-cü ilin aprel ayının 2-də verildi. Bu məsələ ilə bağlı 10 may 1944-cü ildə Xalq Daxili İşlər Komissarı Lavrenti Beriya Dövlət Müdafiə Komitəsinin sədri İosif Stalinin adına üç səhifəlik məruzə göndərmişdi. Orada deyilirdi: “Daxili İşlər və Dövlət təhlükəsizliyi Komissarlıqları düşmən agenturasını, vətən xainlərini, almanfaşist işğalçıları ilə əlbir olanları və digər antisovet ünsürləri aydınlaşdırmaq və
aradan götürmək üçün Krımda əməliyyat tədbirləri həyata keçirib. May ayının 7-nə olan vəziyyətə görə 5381 nəfər belə şəxs həbs edilib. Əhalidə qeyri-qanuni saxlanan 5995 tüfəng, 337 pulemyot, 250 avtomat, 31 minomyot, böyük həcmdə qranat və patrondan ibarət silahlar yığılıb”. Əlbəttə bütün bunlar Daxili İşlər və Dövlət Təhlükəsizliyi Komissarlıqları özlərinin Krım türklərinin həyətlərinə gizli şəkildə atdığı silah sursat idi. Beriya qeyd edirdi ki, Qızıl Ordu sıralarından 1944-cü ilə qədər 20 mindər artıq tatar vətənini
sataraq və almanların xidmətinə keçərək fərarilik etmişdir. (Bəs neçə milyon nəfər rus vətənini sataraq fərarilik etmişdi?) Krım tatarlarının Sovet xalqına qarşı satqınçılıq hərəkətlərini əsas götürərək və bundan sonra Krım tatarlarının Sovet İttifaqının sərhəd rayonlarında yaşamalarının arzuolunmazlığından çıxış edərək SSRİ Xalq Daxili İşlər Komissarlığı Dövlət Müdafiə Komitəsinin bütün tatarların Krım ərazisindən sürgün edilməsi haqqında qərarını baxılmaq üçün Sizə göndərir”.

Lavrenti Beriya yazırdı ki, Krım tatarlarının xüsusi sürgün olunanlar kimi həm kənd təsərrüfatında – kolxozlarda və sovxozlarda və həm də sənayedə və tikintidə istifadə etmək üçün Özbəkistan SSR-in rayonlarında yerləşdirilməsini məqsədəuyğun sayırıq. Tatarların Özbəkistan SSR-də yerləşdirilməsi məsələsi Özbəkistan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin katibi yoldaş
Yusupovla razılaşdırılıb. İlkin məlumatlara görə, hal-hazırda Krımda 140-160 min tatar əhalisi yaşayır. Sürgün əməliyyatı 20-21 mayda başlayacaq və 1 iyunda başa çatdırılacaq. Bununla bağlı Dövlət Müdafiə Komitəsinin qərar layihəsini təqdim edirik. Xahiş edirəm fikrinizi bildirəsmiz (Bax: The National Security Archive (The NSA), Doc.3069 ). Lavrenti Beriyanın müraciətindən bir gün sonra may ayının 11-də Krım türklərinin sürgün edilməsi haqda İosif Stalinin imzası ilə Dövlət Müdafiə Komitəsinin qərarı qəbul edildi. Krım türklərinin sürgün edilməsi əməliyyatı müəyyən edilmiş vaxtdan əvvəl başa çatdırıldı. 18 may 1944-cü ildə sürgün qərarı verildi. Artıq may ayının 20-də Daxili İşlər Komissarının müavini İvan Serov və Dövlət Təhlükəsizliyi Komissarının birinci müavini Bogdan Kobulov Krım türklərinin sürgün edilməsi üzrə tədbirlərin başa çatdırıldığı haqqında Beriyaya məruzə etdilər. İyul ayının 4-də
Beriya Krım əməliyyatının başa çatması haqqında Stalinə hesabat göndərdi. Orada göstərilirdi ki, Krımdan bütövlükdə 225009 adam sürgün edilmişdir, bunun 183155 nəfəri tatar, 12422 nəfəri bolqar, 15040 nəfəri yunan, qalanları isə digər xalqların nümayəndələridir. Dövlət Müdafiə Komitəsinin 21 may 1944-cü il qərarına uyğun olaraq tatarların 151604 nəfərinin Özbəkistan SSR-in vilayətlərinə,
31551 nəfərinin isə Rusiya Federasiyasının vilayətlərinə sürgün olunduğu bildirilirdi. Ümumiyyətlə, XIX əsrin sonlarından 1944-cü ildə deportasiya olunana qədər Krım türklərinin əhali artımı ilə bağlı maraqlı mənzərənin şahidi olmaq olar. 1922-ci ildə Simferopolda nəşr edilmiş “Krımın Statistik-iktisadi Atlası”nda 1897-ci il əhali sayımına görə Krımda 186212 nəfər,1921-ci il sayımına görə isə 186715 nəfər türkün yaşadığı bildirilir. 1944-cü ilin deportasiya materiallarında isə onların sayı 183155 nəfər göstərilir. Bu da bütövlükdə 50 il ərzində Krım türklərinin sayının azalması deməkdir(The National Securitu Archive, Dос.9077. Статистико-Экономический Атлас Крыма. Выпуск I. Симфереполь, 1922, с.9). Türklərin Krımdan sürgün edilməsi başa çatdırıldıqdan sonra ÜİK(b)PMK-nın Siyasi Bürosu 30 iyun 1945-ci ildə Krım Muxtar Sovet Sosialist Respublikasının Rusiya Federasiyası tərkibində Krım vilayətinə çevrilməsi haqda qərar qəbul etdi. Ən maraqlısı odur ki, Siyasi Büronun iclasında Krımla bağlı qərarın mətbuatda dərc edilməməsi lazım bilinirdi (Krım Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsi haqqında ÜİK(B) MK Siyasi Bürosunun gizli qərarı. 30 iyun 1945 – RDSSTA, f.17, s.3, i.1053, v.9 ).
SSRİ-də sürgün olunan xalqlar barədə məlumatlar dəqiqləşdirildikdən sonra bu rəqəmlər daha da artdı. 1946-cı ildə SSRİ Dövlət Təhlükəsizliyi Komissarlığının 3-cü idarəsmin hazırladığı məlumatda qeyd edilirdi ki, müharibə dövründə 193,959 nəfər əhali Krım yarmadasından sürgün edilib, bunun da mütləq əksəriyyəti Krım türklər idi.

Bəs 1956-cı ildə sürgün edilmiş xalqların öz yurdlarına qayıdışına icazə verildiyi halda Krım türklərinə (eyni zamanda məshəti türklərinə və Volqaboyu almanlarına) belə bir icazə niyə verilmədi? Onlar haqqında hazırlanmış gizli arayışda göstərilirdi: Birincisi, Türkiyə ilə sərhəd ərazilərdən köçürülmüş şəxslərin öz əvvəlki yaşayış yerlərinə qayıtması sərhəd bölgəsində qeyri-stabillik yarada bilər. İkincisi,
Krımın ərazisi artıq yeni sakinlər tərəfindən tutulub və məskunlaşdırılıb. Üçüncüsü, 1944-cü ildə sürgün edilən Krım tatarlarının çoxunun Türkiyə sakinləri ilə qohumluq əlaqələri vardır. 1987-cı ıldi Krşm türklirın ciddi etirazlarında sonra onların vətənə dönməsi ilə bağlı komissiya yaradıldı. Bu komissiyaya SSRİ Ali Sovetinin sədri Anderey Qromıko başçılıq edirdi. Həmin ilin dekabrında Krım tatarlarının öz yurdlarına buraxılmasına icazə verildi. 1989-cu ilin noyabrında SSRİ Ali Soveti Krım tatarlarının deportasiya olunduğunu etiraf etdi. Amma vətənə dönüşlə bağlı gizli məhdudiyyətlər qaldı. SSRİ dağılana qədər 150 min tatar Krıma dönə bildi. 2014-cü ildə Krımın Rusiya tərəfindən yenidən işğalından ən böyük ziyan çəkən Krım türkləri oldu. Bax belə! Bu günə qədər də Krım Türklərinin öz vətənlərinə dönməsi məsələsi öz ədalətli həllini tapmayıb.