Rusiya elə günə qalıb ki, indi Paşinyandan kömək umur?

AXCP sədri Əli Kərimli


Bu gün Moskvada keçirilən KTMT (ODKB) sammitində Putin Lukoşenkonun dililə giley edib ki, KTMT üzrə müttəfiqlər (Qazaxıstan, Qırğızıstan, Ermənistan, Tacikistan) başı bəlada olan Rusiya və Belarusa dəstək vermirlər. Elə bu ilin yanvarında Rusiya başda olmaqla KTMT-nin Qazaxıstanda Tokayev hakimiyyətini necə qoruduğunu da xatırladıblar ki, Tokayevi utandırsınlar. Lukaşenko açıq deyib ki, KTMT əslində belə situasiyalar üçün – birlikdə müdafiə olunmaq üçün yaradılıb. Hətta digər ölkələri də hədələyib ki, birləşməsək, bizi ayrı – ayrılıqda əzib məhv edəcəklər. Ancaq yenə də xeyri olmayıb, bir şey alınmayıb. Hətta Paşinyan və Tokayev iradlara cavab da verib, öz mövqelərini müdafiə də ediblər. Tacikistan və Qırğızıstan liderləri isə deyiblər ki, hələ daha böyük təhlükə cənubdan, Əfqanıstan tərəfdən gəlir, biz heç onun dərdini çəkə bilmirik.

Bir sözlə, Azərbaycanda hökumət mediasının yaltaqlanaraq, şişirdərək “Rusiya NATO-su” adlandırdığı KTMT liderleri Putinə mesaj veriblər ki, bizdən bir şey gözləmə. Aydındır ki, Rusiya Ukrayna ilə savaşda uğursuzluğa düçar olduqca qonşular yanında həm zəhmini, həm də cazibəsini itirir. Bu gedişlə Rusiyanın liderlik etdiyi inteqrativ qurumların – MDB, KTMT Avrasiya Birliyinin də iflası sadəcə zaman məsələsidir.

Bu situasiyada diqqətinizi cəlb etmək istədiyim əsas məsələ Rusiyanın, xüsusilə də Putin rejiminin düşdüyü acınacaqlı durumdur.

Təsəvvür etmək belə çətin idi ki, Rusiya Ukrayna ilə müharibəyə başlayandan 2-3 ay sonra elə vəziyyətə düşəcək ki, Putin Paşinyan, İmaməli Rəhmanov kimi dövlət və hökumət başçılarının dəstəyinə möhtac qalacaq.

11 il bundan öncə 10-larla avtoritar rejimin çöküşü təcrübəsini araşdıraraq bloqumda yazmışdım ki, avtoritar rejimlər zahirən ən güclü göründükləri vaxt iflasa uğrayıb məğlub olurlar. Hazırda biz bu qanunauyğunluğu Putin hakimiyyətinin simasında müşahidə edirik. Cəmisi 3 ay bundan qabaq bütün dünya Putindən xahiş edirdi ki, Ukraynaya hücum etməsin. Makron gedirdi, Merkel gəlirdi. ABŞ və Rusiya liderləri az qala ayda bir dəfə dünyadakı vəziyyəti müzakirə edirdilər. Bayden xahiş edirdi, Putin eşitmirdi. Putin daxildə müxalifəti əzmişdi. Avropanın Rusiya neft və qazından həyati dərəcədə asılı olduğuna inanırdı. Korrupsioner generallar onu inandırmışdılar ki, Rusiya supergücdür, istənilən Avropa ölkəsinin paytaxtını bir neçə günə işğal edər, əksər silahları da dünyada ən yaxşıdır. Putin inanırdı ki, 650 milyatdlıq valyuta ehtiyatı, Rusiyanın olduqca zəngin təbii sərvətləri ona istənilən sanksiyanı asanlıqla aşmağa imkan verəcək. Ona görə də özündən çox razı olmuşdu. Belə bir özündən razı ovqatla da Ukraynaya hücum qərarı verdi. Bu da nəticəsi. O boyda Rusiya ordusu darmadağın olmuş Ermənistandan dəstək umursa, Rusiyanı qarşıda nələrin gözlədiyini təsəvvür etmək çətin deyil.