Dövlət idarəçiliyinin Zelenski nümunəsi

AXCP sədri Əli Kərimli

İlham Əliyevin deputat təyin etdikləri Zelenskini təcrübəsiz olmaqda qınayarkən tam da əsassız deyillər. Məlum olub ki, Ukrayna ordusu son 2 ay ərzində 1003 yaşayış məntəqəsini Rusiya işğalından azad edib. Üstəlik, bu yaşayış məntəqələrinin 70 faizində, yəni 700-dən artığında yerli hakimiyyətin işi bərpa olunub.

Əgər Zelenskidə “zəngin dövlətçilik təcrübəsi” olsaydı, bütün bunlardan şəxsi piarı üçün istifadə edərdi. Birincisi, azad olunmuş yaşayış məntəqələri haqda ictimaiyyətə məlumat verməyi hərbçilərə və bütün digər şəxslərə qadağan etməli idi. Nə olsun ki, torpağı canı bahasına azad edən hərbçidir. Əsas olan ali baş komandanın müdrik rəhbərliyi, analoqsuz hərbi dühasıdır. Ona görə də Ukraynanın azad olunmuş yaşayış məntəqələrini tvit yazıb elan etmək Zelenskinin müstəsna səlahiyyəti olmalı idi. Ukrayna xalqı nəfəsini kəsib ali baş komandanın növbəti tvitini gözləməli idi. Ancaq Ukraynada “dövlətçilik ənənələri” olmadığından hansı hərbi hissə hansı yaşayış məntəqəsini azad etdisə, foto, video çəkib paylaşdı, əldə etdiyi uğurla öyündü. Bununla da Ukrayna hərbçiləri siyasi sayıqlığı itirmiş oldular. Unutdular ki, onlar nə qədər cəsur olsalar da, onların öyünmək haqqı yoxdur. Hərbi qələbələrlə öyünmək, hərbi uğurlardan divident toplamaq ali baş komandanın müstəsna səlahiyyətidir.

İkincisi, Zelenskinin “dövlətçilik təcrübəsi” olsaydı, azad edilmiş 700 yaşayış məntəqəsində inzibati orqanların fəaliyyətini səssizcə bərpa etməzdi.
Əvvəla, ukraynalıların nə həddi var ki, azad edilmiş yaşayış məntəqələrinə özbaşına qayıtsınlar. Bütün azad edilmiş yaşayış məntəqələri xalqın üzünə bağlanmalı idi. Əvvəlcə, Zelenski öz mübarək qədəmlərini o torpaqlara basmalı, Ukrayna xalqı da bunu bayram etməli idi. Sonra prezidentin icazəsilə insanlar azad edilmiş yurdlarına qayıtmalı və buna görə Zelenskiyə gecə-gündüz dua etməliydilər. Ancaq təcrübəsizlik yenə özünü göstərib. Xalq özbaşına qayıdıb azad edilmiş torpaqlara.

Ukraynanın azad edilmiş yaşayış məntəqələrində yerli hakimiyyət orqanlarının bərpa prosesi də “dövlətçilik” ənənələrinə zidd olaraq həyata keçirilib.
Görün o 700 yaşayış məntəqəsində neçə açılış etmək, neçə şou düzəltmək olardı. Ancaq Zelenski təcrübəsizliyindən öz şəxsi piarı üçün bu fürsəti də qaçırıb.

Zelenskinin ən bağışlanmaz səhvi, təcrübəsizliyi isə başqadır. İndi həmin o böyük səhvlə sizi tanış edəcəm. Heç bilirsinizmi ki, Ukraynanın 1003 yaşayış məntəqəsini azad etməsi, onun 70 faizində icra orqanlarının işini bərpa etməsi haqda xəbəri dünya ictimaiyyəti kimdən alıb? Əlbəttə ki, Zelenskidən yox, onun “dövlətçilik təcrübəsi” azdır. Xəbəri ictimailəşdirən heç baş nazir və ya prezidentin icra aparatının rəhbəri də deyil. Bu boyda xəbəri dünya ilə, Ukrayna xalqı ilə Ukrayna prezident aparatı rəhbərinin müavini Kirilo Timoşenko bölüşüb. Görürsünüzmü, Ukraynada “dövlətçilik təcrübəsinin” azlığı hansı fəsadlara gətirib çıxarır? Ona görə də İlham Əliyevin deputat təyin etdikləri deyəndə ki, Zelenskinin təcrübəsi azdır, şəkk etməyin.