Özümüzü aldatmayaq, Azərbaycanda dövlət yoxdur

İctimai fəal Bəxtiyar Hacıyev

Dövlət olan yerdə akademiki blokun ağzında güllələmirlər, jurnalisti güllələyib, prezident nəzarətinə götürüb, cinayət işini uzun illər bağlı saxlamırlar.

Dövlət olan yerdə polis bölməsindən siyasətçini çıxarıb, naməlum yerdə gözlərinin altını şişirtmirlər, ictimai fəalı şəhərin mərkəzindən oğurlayıb aparmırlar.

Dövlət olan yerdə publisisti öldürmürlər, cinsi azlıqdan olan jurnalistə qarşı ölüm çağırışlarına etinasız yanaşmırlar, ölümlərdən sonra cinayəti ört-basdır etmirlər.

Dövlət olan yerdə 10 yaşlı uşağın yoxa çıxmasını günahsız bir qonşuya yükləyib, saxta sübutlar düzəldib, zorla adamın boynuna qoymurlar, bu barədə yazan jurnalistin boğazına bıçaq dirəyib, övladı ilə hədələmirlər.

Dövlət olan yerdə dövlətin neft şirkətinin rəhbərliyi Türkiyədəki işadamını öldürmək üçün kriminal avtoritetə sifariş vermir.

Dövlət olan yerdə insanlar polislə bağlı yazdıqları tənqidi postlara görə bölmələrə çağırılmır, inzibati qaydada həbs edilmir.

Dövlət olan yerdə hüquq-mühafizə orqanları vətəndaşları şərləmir, bölmələrdə döyərək öldürmür, məhkəmələr sifarişlə, rüşvətlə hökm çıxarmır.

Dövlət olan yerdə seçkilər saxtalaşdırılmır, hakimiyyət bir ailədə atadan övlada ötürülmür, siyasi rəqiblər repressiyaya məruz qalmır.

Dövlət olan yerdə hüquq-mühafizə orqanları işadamları, imkanlı adamları başına torba keçirərək dövlət qurumlarına aparıb, aylıq rüşvət tələb etmir. Dövlət qurumları araşdırmaçıları çağıraraq ailələri ilə şantaj etmir.

Dövlət olan yerdə 100-200 manat dərman puluna möhtac milyonlarla təqaüdçü, işsiz, qazi, şəhid ailəsi varkən dövlət məmurlarının on milyonları, yüz milyonları, milyardları olmur.

Dövlət yoxdur bizdə, bir qrup hakimiyyəti zəbt edib, mafiya qanunları ilə əldə saxlayır. Əhalinin bir qismi taleyi ilə barışır, bir qismi bu sistemdən bəhrələnmək üçün mafiya üçün işləməyi dövlət qulluğu adlandırıb özünə təsəlli verir, bir qismi xaricə mühacirətə gedir.

Dövlət olmayan yerdə bir gün mafiyanın cinayət qurbanı hamı ola bilər. “Siyasətə qarışmıram, başımı aşağı salıb həyatımı yaşayıram” demək heç kimi sığortalamır. Bu gün üzdə tanınan adamlara qarşı törədilmiş cinayətlərə etiraz edilməsə, sabah sıravi vətəndaşların səslərini çatdıracaqları heç kim qalmayacaq və mafiya tək-tək vətəndaşları məhv edəcək, uşaqları, canları ilə hədələyəcək. Mafiya oyunundakı kimi. Amma, oyun kimi yox, real həyatda.

Ona görə də hamı papağını qarşısına qoyub düşünməlidir. Hara gedirik, necə yaşayırıq, yaşayırıqmı ümumiyyətlə? “Dövlət, dövlətçilik” nağılları danışan adamlara da yuxarıda sadalananları sadalayıb, susdurmaq lazımdır və birləşərək dövlət qurulmasına çalışmalıyıq. Ədalətli, hamı üçün bərabər şərait olan, qanunların ali olduğu, insanların azad və təhlükəsiz yaşadığı bir dövlət.