AXCP sədri Əli Kərimli
O bıçaq əslində təkcə cəsur jurnalist Aytən Məmmədovanın yox, cəmiyyətin boğazına dirənib. Həmin bıçağı cəmiyyətin boğazına dirəyənlər tələb edirlər ki, cinayətkarlarla dövlət hakimiyyətini təmsil edənlərin qardaşlaşmasına göz yumaq. Dövlət hakimiyyəti kriminallaşanda, kriminal ünsürlər öz cinayətlərini dövlət adından həyata keçirəndə cinayətkarları ifşa edən, ədalət axtaran jurnalistin, ictimai-siyasi xadimin də taleyi Aytən xanımın taleyi kimi olur.
Aytən Məmmədova Nərmin Quliyeva adlı 10 yaşlı məsum qızımızı oğurlayıb məhv etmiş cinayətkar dəstənin ifşa olunması, həmin cinayət işilə bağlı şərlənərək həbs olunmuş İlkin Süleymanova paqonlu cinayətkarların verdiyi insanlığa üz qarası olan, dəhşətli işgəncələrin ört-basdır edilməməsi üçün müvafiq məhkəmə prosesindən ardıcıl reportajlar hazırlayırdı.
Cinayətkarlar əks-hücuma keçiblər. Dünən gecə liftdə Aytən Məmmədovanın boğazına bıçaq dirəyərək, tək qız övladı ilə hədələyərək məhkəmə prosesindən yazmamağı tələb ediblər.
Aytən xanım bu ölkədə kriminallarla dövlət hakimiyyətini təmsil edənlərin necə qardaşlaşdığını ən yaxşı bilən şəxslərdən biridir.
Aytən xanım yaxşı bilir ki, onun obyektiv məhkəmə reportajları təkcə balaca Nərminin əsl qatillərini ifşa etmir, həm də günahsız insanı ağır cinayətdə şərləyən, şərlədikləri insana cinayəti boynuna götürməsi üçün dəhşətli işgəncə verdirən polis və prokurorluqdakı mütəşəkkil cinayətkar dəstəni ifşa edir.
Aytən xanım bütün bunları bildiyi üçün qorxa da bilərdi. Özünü, balaca qızını riskə atmamaq üçün reportajların ardını yazmaqdan imtina edə bilərdi, digər milyonlar kimi susub, “başını aşağı salıb” həyatını yaşaya bilərdi. Ancaq Aytən xanım növbəti dəfə cəsurcasına davrandı. Başına gələnləri ictimailəşdirdi. Nərminlərin ölməməsi, İlkinlərin şərlənib dəhşətli işgəncələrə məruz qalmaması üçün susmadı, əksinə haray çəkdi. Biz xalqı köməyə çağırdı. “Nərmin işi” kimi cinayət işlərinin davam etməməsi, İlkinlərin işgəncə qurbanı olmaması, paqon altında gizlənmiş işgəncə mexanizminin ifşa olunması üçün biz xalq olmalıyıq.
Xalq olmaq isə Aytən Məmmədovanın başına gələnləri, daha əvvəl İlkinin, Nərminin başına gələnləri, Tərtər, Gəncə, Nardaran, Tovuz “iş”lərini, Tofiq Yaqublunun, Bəxtiyar Hacıyevin və digər 100- lərlə soydaşımızın başına gələnləri, bu ölkədə minlərlə insanın dövlət adından şərlənib həbs olunmasını, 100-lərlə insanın dövlət adından işgəncəyə məruz qalmasını, dövlət hakimiyyətilə kriminal dəstələrin arasında sərhəddin tədricən itdiyini və bunun bütün azərbaycanlılar üçün təhlükə yaratdığnı anlamaq, buna qarşı mübarizə aparmaq deməkdir.
Aytən xanıma böyük ürəyinə, böyük cəsarətinə görə təşəkkür edirəm. Hamınızı Aytən xanımı unutmamağa, mütəşəkkil cinayətkar dəstə qarşısında tək qoymamağa çağırıram.