İlham Əliyev özünün oğurladıqlarından danışsın

Milli Şuranın sədri, professor Cəmil Həsənli

Bu gün bütün yandaş media İlham Əliyevin dünən dediyi “Kasıbın malına, ərzaq payına göz dikən xaindir” sözlərini manşetə çıxarıb.
Amma soruşan yoxdur bu qədər zəngin ölkəni kim kasıblar məmləkətinə çevirib. İkincisi, bu oğurluq şəbəkəsini yaradıb idarə edən, onun başında dayananlar kimlərdir?

İlham Əliyev elə bilir onun və ailə üzvlərinin bu ölkədən oğurladıqları milyardlar kasıbın, əlilin, zəlilin pulu, malı, dolanışığı, həyatı deyil. O Danske Bank vasitəsi ilə Azərbaycan Laundromatına gedən 4 milyard dollar da oğurluq yox, sanki tər-təmiz fitrə pulu imiş? Bəs o xainlər, oğrular niyə indiyə qədər tapılmır? Bəlkə böyük oğruları diqqətdən yayındırmaq üçün balaca oğruları vətən xaini adlandırırlar?

Yəqin hakim ailəyə məxsus o Panama papersdən, Virgin ofşarlarından, Pandora qutusundan çıxan oğurluq milyardlar da bu ölkənin kasıb sərgərdanlarının yox, halal-hümmət zəkat pulu imiş. Oğurluqla zərrə qədər əlaqəsi yoxmuş. Hər il müxtəlif fırıldaqlarla büdcədən daldalanan 7-11 milyard manat da oğurluq-zad deyil, milləti biçarənin yolunda hakim ailənin ağır zəhmətlərinin ianə yolu ilə ödənilən kiçicik əvəzidir.

Bütün dünyanı heyrətə salan London mülklərini də halaca xums maliyəti hesabına alıblar və onu təmizə çıxarmaq üçün bir hissəsini də Avropanın fəqir, yetim və yolda pulu qurtarıb qalmış deputatlarına, nazirlərinə, kilsə xadimlərinə könüllü paylayıblar ki, din və məzhəb qarşısında halal olsunlar, üzüağ olsunlar.

Bütün dünya bunların Azərbaycandan milyardları oğurlamasından danışır, bu da Heydər Əliyev fondunun səfalət həddinə gətirdikləri biçarə insanlara sədəqə kimi payladığı makaron paketlərinin oğurlanmasından “ürək ağrısı” ilə söz açır. Nə deyəsən?