Böyük Adam Smit nə deyirdi?

Avropa, ümumiyyətlə, Qərb mədəniyyətinin, ictimai fikrinin necə formalaşdığını öyrənmək, anlamaq üçün burada baş vermiş mühüm tarixi hadisələrlə yanaşı, onlara yön vermiş mütəfəkkirlərin ideyalarını oxuyub məlumatlanmaq da vacibdir. Misal üçün, iqtisad elminin banilərindən biri, 1723-1790-cı illər arasında yaşamış Adam Smitdən seçdiyim aşağıdakı aforizmlərin bu işdə sizlərə müəyyən dərəcədə bələdçilik edə biləcəyini düşünürəm.

Hər bir insana, o ədalətlilik qanunlarını pozmadığı müddətdə, özünün şəxsi düşüncələrini və maraqlarını gerçəkləşdirməsi və öz əməyi, kapitalı ilə, istənilən digər şəxslərin əməyi və kapitalı arasında rəqabət aparması imkanı tanınmalıdır.

Təbii azadlıqlar sisteminə uyğun olaraq hökmdar üç vəzifəni yerinə yetirməyə borcludur: birincisi, cəmiyyəti zorakılıqlardan və digər müstəqil cəmiyyətlərin təcavüzündən qorumalıdır; ikincisi, mümkün olduğu qədər, cəmiyyətin hər bir üzvünü, onun digər üzvlərinin ədalətsizliyindən və zülmündən qorumalı və ya bütün bu halların ədalət məhkəməsinə göndərilməsini təmin etməlidir; üçüncüsü, elə bir qurumlar və müəssisələr yaratmağa və onları qorumağa borcludur ki, onların yaradılması və saxlanılması ayrıca bir şəxsin və ya kiçik bir qrupun maraqlarına cavab verməsin, çünki bu ictimai təsisatların gətirdiyi gəlir, heç vaxt, ayrıca bir şəxsin və ya kiçik bir qrupun xərclərini ödəyib qurtara bilməyəcəkdir, ancaq eyni zamanda, bu gəlir onların da daxil olduğu böyük cəmiyyətin xərclərini artıqlaması ilə ödəmək gücündə olacaqdır.

İş adamı özünün şəxsi maraqlarını güdərək çalışanda, çox vaxt, cəmiyyətin maraqlarına, ona şüurlu şəkildə xidmət etmək istərkən edə biləcəyindən daha çox xeyir verir.

Biz öz naharımızı qəssabın, pivəbişirənin və çörəkçinin xeyirxahlığından deyil, onların öz şəxsi maraqlarını yerinə yetirməsindən alırıq. Biz onların hümanizminə deyil, eqoizminə müraciət edirik və onlara heç vaxt öz ehtiyaclarımız barədə söz açmır, onların ala biləcəyi faydadan danışırıq.

İnsan, mübadilə etməyi bacaran bir məxluqdur: başqa heç bir canlı bununla məşğul olmur, siz öz aralarında sümük mübadiləsi edən itlər tapa bilməzsiniz.

Araz Gündüz