Hökumət Rusiyanın təxribatları qarşısında geri çəkilməməlidir

AXCP sədri Əli Kərimli

Belə hərəkətləri öncədən görərək yazmışdım ki, Allah bizi “müttəfiqimizdən” qorusun, düşmənlə özümüz bacararıq.

Rusiya rəhbərliyi oturub öz dərdini çəkməkdənsə, başını aşağı salıb öz “müttəfiqliyini” edən ölkəmizə qarşı ardıcıl təxribatlar edir. Gah Ermənistanı qarışdırır ki, Paşinyan nəyə görə Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırlaşır, gah da Ermənistandakı maşaları vasitəsilə Azərbaycan – Ermənistan sərhəddində atəşkəsi pozdurmağa çalışır. Sonra da görəndə ki, sərhəddə bir şey alınmır, Azərbaycanı açıq-aşkar şərləyir.

Rusiya Azərbaycandan BMT-yə şikayət edib ki, guya Azərbaycanda üçüncü ölkələrin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlər fəaliyyət göstərir. Təbii ki, yalandır və DTX da bəyanat yayaraq bu məlumatı rəsmən təkzib edib.

İndi sual budur: bu necə müttəfiqlikdir ki, müttəfiqinlə müzakirə etmədən, əlində bir faktın olmadan müttəfiqindən BMT-yə şikayət edirsən?
Aydındır ki, dünyada başqa belə müttəfiqlik nümunəsi yoxdur. Analoqsuzluq elə bizim bəxtimizə düşüb. Azərbaycandakı idarəetmənin dünyada analoqu olmadığı kimi, bizim “müttəfiqliyimizin” də dünyada analoqu yoxdur.

Rusiyanın ölkəmizə qarşı təxribatlarının məqsədi nədir? Son müsahibəmdə Rusiyanın erməni müxalifətindən istifadə edərək Ermənistanı qarışdırmaq cəhdlərindən danışarkən demişdim ki, Azərbaycan bu baxımdan şanslıdır. Rusiyanın ölkəmizin real müxalifət qüvvələrinə heç bir təsiri yoxdur. Tam əksinə, Azərbaycan müxalifəti istiqlalçı, vətənpərvər qüvvədir və Rusiyanın istənilən təxribatına qarşı ardıcıl mövqeyi olacaq. Rusiya olsa-olsa hökumətin içindəki 5-ci kolonuna istinad edə bilər. Aradan heç 2 gün keçməmiş İlham Əliyevin Milli Məclisə deputat təyin etdiyi bəziləri Zelenskiyə hücum etməklə rus xoruna qoşuldu. Daha sonra Bakının orta məktəblərində şagirdlərə Rusiya imperiyasının işğalçılıq simvollarından biri olan Georgi lenti paylandı.

Ancaq Rusiyanın iştahı daha böyükdür. Azərbaycan hakimiyyətini düz yanında və dünya birliyinin qarşısında görmək istəyir. Azərbaycan hakimiyyətinin xalqdan dəstəyi olmadığı üçün Rusiyadan gələn təzyiqlərə daha qorxacaq reaksiya verəcəyinə ümid edir. Azərbaycana qarşı ardıcıl təxribatlarla hakimiyyəti qorxudub daha Rusiyapərəst siyasətə məcbur etmək istəyirlər. Azərbaycan hakimiyyəti bu şantajdan qorxmamalıdır. Xalqımızın Əliyevin hakimiyyətindən narazılığı böyükdür və ilk demokratik seçkidə bu hakimiyyəti dəyişəcək. Ancaq hazırda situasiya və gündəm fərqlidir. Hakimiyyətdən nə qədər narazı olsaq da, Rusiyanın burada təxribatlarına imkan vermərik. Hökumət ürəkli olmalıdır. O saxta müttəfiqliyin əsiri olmamalı, Rusiya ilə daha məsafəli davranmalıdır. Məsələn, Rusiyanın son təxribatlarına ilkin cavab olaraq onun imperiya simvollarının (Georgi lenti, Z və V işarələri, SSRİ bayrağı) Azərbaycanda yayılması qadağan edilməlidir. Bu simvolları yayan şəxslərin cəzalandırılması qanunvericiliklə müəyyən olunmalıdır.