Nemət Əliyev, iqtisadçı ekspert, AXCP iqtisadi siyasət komissiyasının sədri
Azərbaycan bazarları 37% bahalaşıb. Bahalaşma əhalinin alıcılıq qabiliyyətini məhv edir: pensiyaçıların həyat səviyyəsi orta hesabla 20%, muzdla çalışanların həyat səviyyəsi isə orta hesabla 18% pisləşib. 43% artmış əlavə dəyər vergisi üzrə yığımların 90%-i bahalaşma hesabına təmin edilib.
Aparılan hesablamalar hökumətin 12,2% səviyyəsində “oformit” elədiyi bahalaşma göstəricisini alt-üst edib. Gərək bundan sonra “12,2% bahalaşma” söhbətlərinin altından bir daş, üstündən də bir daş qoyula və unudula. Bu saxta göstəricini ortaya atanlar da, gərək susalar, danışmayalar.
Bəs Azərbaycanda bahalaşmanın gerçək səviyyəsi nə qədərdir? Bu suala əhatəli cavab vermək üçün bu yazıda əlavə dəyər vergisinin (ƏDV) yığım səviyyəsi ilə istehlak bazarlarının həcmi arasındakı əlaqələr təhlil edilib.
Əsas məsələyə keçməmişdən əvvəl xüsusi olaraq qeyd edim ki, irəli sürdüyümüz fikirlərin əsaslı olmasını göstərmək və həm də maarifləndirmək məqsədi ilə burada nisbətən detallı və sadələşdirilmiş şəkildə istifadə etdiyimiz üsul və hesablama alqoritmləri əsasən mütəxəssislər, ekspertlər, maraq göstərənlər, xüsusən də iqtisadi təhsil alan tələbələr üçün diqqətçəkən olsa da, çıxarılan ümumi nəticələr hamı üçün maraqlıdır.
Digər vergi növlərindən fərqli olaraq ƏDV ödənilərkən aralıq alqı-satqı mərhələlərində əvəzləşdirmə mexanizmi tətbiq olunur. Alışlar həyata keçirilərkən ödənilən ƏDV-lər satışlar həyata keçirilərkən alınan ƏDV-lərdən çıxıldığına görə ƏDV-ni ödəmək yükü sonda son istehlakçıların üzərinə düşür. Buna görə də ƏDV-nin yığım və dəyişmə səviyyəsinə görə istehlak bazarlarının həcmini, bu bazarlarda yaşanan qiymət dəyişmələrini hesablamaq mümkündür.
ƏDV məhsulun qiymətinə əlavə şəklində çıxış edir və bizim ölkədə vergi tutulan dövriyyədən 18%-lə hesablanır. Sadəlik üçün belə izah edək ki, istehsal etdiyi malı, göstərmiş olduğu iş və ya xidməti, məsələn, 100 manata satmaq istəyən sahibkar, müəssisə və ya təşkilat 100 manatın üzərinə bunun 18%-i qədər, yəni 18 manat əlavə edib satmalı, satışdan əldə etdiyi 118 manatın 18 manatını ƏDV adıyla dövlət büdcəsinə ödəməlidir. ƏDV üzrə yığımları şərti olaraq Y(ədv), ƏDV tutulan dövriyyəni D(ədv) ilə işarə etsək, o zaman bu iki göstərici arasında aşağıdakı asılılıq düsturunu yaza bilərik:
Y(ədv)=0,18•D(ədv) (1)
Əgər ƏDV üzrə yığım göstəricisi məlumdursa, bu düstura əsasən ƏDV tutulan dövriyyəni hesablamaq olar:
D(ədv)=1/0,18•Y(ədv) (2)
Əgər ƏDV üzrə yığım göstəricisi və ƏDV tutulan dövriyyə məlumdursa, bu göstəricilərə görə satışın və ya istehlak bazarının həcmini aşağıdakı qaydada müəyyən edə bilərik:
S(d) = Y(ədv)+ D(ədv) (3)
Burada, S(d) -satışın həcmidir.
Əgər (2) düsturundan D(ədv)-nin qiymətini (3) bərabərliyində nəzərə alsaq və sadələşdirsək, satışın həcmi ilə ƏDV yığım göstəricisi arasında aşağıdakı birbaşa əlaqə düsturunu yazmaq olar:
S(d)=118/18 •Y(ədv) (4)
Yazdığımız (1) düsturuna görə ƏDV yığım səviyyəsi ilə ƏDV tutulan dövriyyə arasında, (4) düsturuna görə isə ƏDV yğım səviyyəsi ilə satış dövriyyəsi arasında xətti düz mütənasib əlaqə var. Bu əlaqəyə görə ƏDV yığım səviyyəsi neçə dəfə artarsa və ya azalarsa, o biri göstəricilər bir o qədər artar və ya azalar. Əks halda, bərabərlik şərtləri pozular.
Bu kiçik nəzəri arayış və dəqiqləşdirmələrdən sonra konkret hesablamalara keçək və istehlak bazarının həcmini, qiymətlərin dəyişmə səviyyəsini müəyyənləşdirək.
Maliyyə Nazirliyinin açıqladığı məlumatlara görə bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi birlikdə 1758,5 mln manat ƏDV toplayıb. Bu göstəricini (4) düsturunda istifadə etməklə, istehlak bazarının həcmini hesablayaq:
S(d)=118/18 •1758,5≈11527,9
Hesablamanın nəticəsinə görə ƏDV ödəyicilərinin I rübdə ölkə daxilində həyata keçirdikləri satışın həcmi 11527,9 mln manat olub. Amma Dövlət Statistika Komitəsi fərqli məlumat açıqlayıb və bildirib ki, cari ilin I rübündə ölkə üzrə pərakəndə əmtəə dövriyyəsi, əhaliyə göstərilən ödənişli xidmətlər və ictimai iaşə xidmətlərinin birlikdə dəyəri 13398,7 mln manatdır. Bizim hesabladığımız istehlak dövriyyəsi DSK-nın rəsmən elan etdiyi bu göstəricinin 86%-i qədərdir:
11527,9/13398,7•100≈86%
Hesablanan və rəsmən elan olunan bu iki göstərici arasında cəmi 14% fərq var. Bəs bu fərq nədir? Bu fərq istehlak bazarının ƏDV-yə cəlb olunmayan hissəsidir. Kənd təsərrüfatı istehsalçılarının satdıqları kənd təsərrüfatı məhsulları, sadələşdirilmiş vergi ödəyicilərinin bazarlarda reallaşdırdıqları malların, iş və ya xidmətlərin dəyəri və sairələr buraya daxildir. Bu kateqoriya məhsullar, iş və ya xidmətlər ƏDV-dən azaddır. Buna görə də 14%-lik hissə ƏDV üzrə yığım göstəricisi əsasında hesabladığımız bazar dövriyyəsinə düşmür.
2022-ci ilin I rübündə 1758,5 mln manat ƏDV toplansa da, 2021-ci ilin I rübündə ƏDV yığımı 1228,8 mln manat olub. Deməli, bu il ƏDV üzrə yığım göstəricisi nisbi ifadədə 43%, mütləq ifadədə 529,7 mln manat çox olub:
1758,5/1228,8•100-100≈43%;1758,5-1228,8=529,7
Yuxarıdakı (4) xətti düz mütənasiblik əlaqəsinə görə göstəricilərdən biri neçə dəfə artarsa, o biri göstərici də bir o qədər artmalıdır. Yəni, ƏDV üzrə yığım göstəricisi (Y(ədv)) bu il 43% artdığına görə, ƏDV ödəyicilərinin ümumi satış dövriyyəsi (D(ədv)) də nominal ifadədə 43% artıb. Real həyatda isə bu proses tərsinə baş verir: ƏDV ödəyicilərinin satışdan gəlirləri nominal ifadədə 43% artdığına görə həm ƏDV tutulan dövriyyə, həm də ƏDV üzrə yığımlar 43% artıb.
Bu nominal dəyişməyə iki amil təsir göstərir: 1) real artım, başqa sözlə, istehlak bazarlarına təklif edilən malların, iş və ya xidmətlərin fiziki çəkisinin artımı; 2) qiymət artımı. DSK bildirir ki, cari ilin I rübündə istehlak bazarlarına təklif olunan mallar, iş və ya xidmətlər real ifadədə 4,4% artıb. Həqiqiliyinə olan şübhələrə toxunmadan real artımı ifadə edən bu faiz göstəricisini hesabladığımız nominal artım faizi ilə müqayisə etməklə qiymət artımının faktiki səviyyəsini aşağıdakı qaydada hesablaya bilərik:
143/104,4•100-100≈37%
Göründüyü kimi, I rübdə qiymət artımı 37% təşkil edib. İstehlak bazarının apardığımız hesablamaların təsir dairəsindən kənarda qalan 14%-lik hissəsinin də bu böyük bahalaşma dalğasının təsiri ilə elə bir o qədər bahalaşmasını düşünmək olar. Rəsmi açıqlamaya görə ƏDV-dən azad olunan kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bu ilin I rübündə 16,4% artıb. Əgər bununla kifayətlənsək, ölkə üzrə bahalaşamanın 31% olması təsdiq olunur. Lakin bu il kənd təsərrüfatı mallarının istehlakçı qiymətlərinin istehsalçı qiymətlərindən üstün artmasına şübhə yoxdur. Bitkiçilik məhsulları içərisində böyük payı olan buğdadan hazırlanan çörək 38%, tərəvəz 56% bahalaşıb. Ötən il bu vaxtlar 70-80 qəpiyə satılan kartof hazırda 1,2-1,4 manata, 65-75 qəpiyə satılan soğan isə hazırda 1 manatdan ucuz satılmır…
Hesablamaların ortaya qoyduğu nəticələr açıq şəkildə sübut edir ki, ölkədə bahalaşmanın 12,2% olmasına dair rəsmi açıqlamaların heç bir əsası yoxdur. Doğrusu, bu göstərici heç gerçəkliyin yaxın dairəsinə də düşə bilmir. Təsəvvür edin ki, bu ilin I rübündə ƏDV üzrə əlavə yığılmış 529,7 mln manatın 475,6 mln manatı və ya 90%-i yalnız bahalaşmanın hesabına təmin edilib. Real artımın burada payı vur-tut 10% və ya 54,1 mln manatdır. I rübdə qiymət artımlarının gətirdiyi vergi gəlirləri real artımın gətirdiyi vergi gəlirlərini 8,8 dəfə üstələyib. Ölkədə bahalaşma səviyyəsi o dərəcədə yüksəkdir ki, ilin sonunadək əhalidən-istehlakçılardan yalnız ƏDV adıyla əlavə 1,9 milyard manat pul yığılacağına böyük əminlik vardır.
Bu dərəcədə bahalaşma şəraitində orta aylıq əməkhaqqı göstəricisi cəmi 11%, orta aylıq pensiya məbləği isə vur-tut 9,4% artıb. Bu səbəbdən 1,7 milyon muzdlu işçinin və 1,2 milyon pensiyaçının həyat səviyyəsi I rübdə müvafiq olaraq 18% və 20% pisləşib. Buraya sosial yardımları kəsilmiş minlərlə aztəminatlı ailə üzvlərini, heç bir yerdən əməkhaqqı, pensiya, sosial müavinət almayan milyonları da əlavə etsək, bahalaşmadan əziyyət çəkən əhalinin ümumi vəziyyətini tam şəkildə təsəvvür etmək çətin olmaz.