Əliyev Azərbaycanı Orta Asiya ölkələrindən daha pis vıziyyətə salıb

Milli Şuranın sədri, professor Cəmil Həsənli

“Sərhədsiz Reportyorlar” 2022-ci ilin Mətbuat Azadlığı İndeksini açıqlanıb. Hesabatda 180 ölkə əhatə edilib. 180 ölkə arasında mətbuat azadlığı göstəricilərinə görə Azərbaycan 154-cü yerdədir. Ölkəmiz 153-cü yerdə olan Belarusla, 154-cü yerdə olan Rusiyanın arasına sığınıb. Bizim yaxın qonşularımız olan Gürcüstan 89-cu, Ermənistan isə 51-ci yerdədirlər. (Link şərh bölümündə)

Amma məsələnin daha ciddi tərəfləri var. Söhbət ondan gedir ki, Əliyevlər uzun illərdir bir sıra azadlıqlar indeksinə görə Azərbaycanı Cənubi Qafqaz qonşularından ayırıb Orta Asiya qonşularına tərəf sürükləyirdilər. İndi artıq onlar buna nail olublar. Siyasi traqikomediya ölkəsi olan Türkmənistan istisna olmaqla qalan bütün orta Asiya ölkələri Azərbaycandan irəlidədir. Məsələn: Tacikistan Azərbaycandan iki pillə qabaqda – 152-ci yerdə, Özbəkistan 133-cü yerdə, Qazaxıstan 122-ci yerdə, Qırğızıstan isə 72-ci yerdə qərar tutur. Yəni, Orta Asiya dövləti olan Qırğızıstan media azadlığı indeksinə görə Azərbaycandan 2 dəfədən də artıq irəlidədir. Çoxları Azərbaycanın Orta Asiyaya çevrilmək təhlükəsindən əndişələnirdi. İndi isə Əliyevlərin yeritdiyi kleptokratik, korrupsioner, repressiv siyasəti ən mühüm azadlıq indeksinə görə bizim ölkəni Orta Asiya ölkələrindən də geri atıb.

Azərbaycan media azadlığı göstəricilərinə görə nəinki Orta Asiya, Afrika ölkələrinin əksəriyyətindən geridədir. 2022-ci ilin indeksində Sudan bizim ölkədən 3 pillə irəlidə – 151-ci yerdə, Ekvatorial Qvineya 141-ci yerdə, Somalı 140-cı yerdə, Zimbavya 137-ci, Ruanda 136-cı, Qərbi Saxara 135-ci, Uganda 132-ci, Nigeriya 129-cu, Seneqal 72-ci, Keniya 69-cu, Namibiya 18-ci yerdədirlər.

Daha bir müqayisəyə diqqət yetirək. Mətbuat azadlığı indeksinə görə hətta rəsmi monarxiya rejimləri belə bizim Əliyevlərin “respublikasından” çox irəlidədir. Məsələn: Birləşmiş Ərəb Əmirliyi 138-ci yerdə, İordaniya 120-ci yerdə, Benin Krallığı 121-ci yerdə, Qətər monarxiyası 119-cu yerdədirlər.

Göründüyü kimi Azərbaycan media azadlığı indeksinə görə indi yalnız Cənubi Qafqaz qonşularından 2-3 dəfə deyil, Orta Asiya qonşularından, Afrika ölkələrinin əksəriyyətindən, hətta rəsmi monarxiya rejimlərinin çoxundan geridə qalır. Bizim ölkəni belə rüsvayçı duruma Əliyevlərin idarəçiliyi, tamahı, oğru və talançı siyasəti salıb. Bunlar istəyirlər həm ölkənin varidatını oğurlasınlar, feodal ailə hakimiyyəti yaratsınlar, həm də heç kəs onlara oğru, korrupsioner, nepotist deməsin. Ölkədə mətbuatın, azad sözün boğulması və bizim həm günçıxan, həm günbatan qonşularımızdan, həm Afrika qitəsindən, həm də monarxiya rejimlərindən mətbuat indeksinə görə dəfələrlə geri qalmağımız məhz bununla bağlıdır.

P.S. Bu il qüvvəyə minən yeni media qanununa uyğun olaraq jurnalistlərimiz vahid vəsiqə, əlavə imtiyaz alandan, vahid reyestrə salınandan sonra yəqin ki, ölkəmiz gələn ilin indeksində 180 ölkə arasında sonuncu 5 yerdən birinə iddialı olacaq.