Yerevanda etirazlar davam edir

Hakimiyyət təmsilçiləri isə baş nazirin istefası tələblərini rədd edir, əhalinin geniş təbəqələrinin bu tələbi dəstəkləmədiyini deyir

Martın 3-də səhərdən Ermənistan paytaxtı Yerevanda müxalifət tərəfdarları Baş nazir Nikol Paşinyanın istefası tələbiylə etirazları bərpa edib. Paşinyanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində güzəştə hazır olmaqda ittiham edirlər.

Etirazçılar Amerika Universitetindən parlamentin binasına aparan Baqramyan prospektinin bir hissəsini bağlayaraq nəqliyyatın hərəkətini müvəqqəti dayandırıblar.

Polis bölmələrinə aparılanlar var

Polis qüvvələri etirazçıların bəzilərini saxlayaraq polis bölmələrini aparıb. Polis əməkdaşları mitinq edənləri səkiyə yönəldərək nəqliyyatın yolunu aça bilib.

AzadlıqRadiosu-nun Ermənistan xidməti müxalifət tərəfdarlarının şəhərin digər yerlərində də küçələri bağladığını xəbər verir.

Puşkin və Saryan küçələrinin kəsişməsində polislə mitinqçilər arasında qarşıdurma yaranıb, bəzi vətəndaşlar polis bölmələrinə aparılıb.

Ermənistan müxalifəti mayın 2-dən itaətsizlik aksiyalarına başlayıb, paytaxtın mərkəzi küçələrində nəqliyyatın hərəkətinə maneələr yaradıb.

Azı bir hal üzrə araşdırma gedir

Dünənki aksiyalarda bir neçə saat ərzində 200-dən çox nümayişçi saxlanıb. Müxalifət etirazçılara qarşı güc tətbiq olunduğunu deyirdi. Polis orqanları nümayişçiyə qarşı gücdən istifadəylə bağlı azı bir hal üzrə xidməti təhqiqat aparıldığını bildirib.

Müxalifətin iddiasına görə, hakimiyyət Dağlıq Qarabağ məsələsində Azərbaycana güzəştə getmək niyyətindədir. Onlar Paşinyanın istefasının gərəkdiyini bununla izah edirlər.

Hakimiyyət təmsilçiləri isə baş nazirin istefası tələblərini rədd edir, əhalinin geniş təbəqələrinin bu tələbi dəstəkləmədiyini deyir.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Atəşkəsin monitorinqi üçün regiona 2 minədək Rusiya hərbçisi yerləşdirilib.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlanıb. Azərbaycan 1994-cü ildə Ermənistanla imzalanan atəşkəs razılaşmasına qədər ərazilərinin 20 faizini itirmişdi.

Azadlıq radiosu