Azərbaycan mətbuat azadlığı indeksində irəliləyib, amma…

2021-ci ildə 60-cı olmuş Gürcüstan isə 29 pillə geriləyərək 89-cu yeri tutub

Rusiyanın Ukraynaya qarşı müharibəsi regionda mətbuat azadlığına dağıdıcı təsirlər göstərir. Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) mayın 3-də açıqladığı Dünya Mətbuat Azadlığı İndeksində belə deyir.

Parisdə yerləşən media qurumu bildirir ki, müharibəni işıqlandıran reportyorlar öldürülür, yaralanır, sovet dövründə bəri görünməmiş senzura baş verir, dezinformasiya yayılır.

Rusiya və Belarus

Rusiya ordusu işğal etdiyi ərazilərdə xəbər mənbələrini bilərəkdən hədəfə alır, yerli medianı əməkdaşlığa məcbur etməyə çalışır.

Rusiya 180 ölkə içində media azadlığına görə 155-ci olub.

“Rusiyanın özündə hökumət xəbər və informasiyanı tam nəzarətə alır, geniş hərbi senzura yaradır, medianı bloklayır, tabe olmayan jurnalistləri təqib edir, onları mühacirətə vadar edir”, – RSF vurğulayır.

Müstəqil jurnalistlərin təqibə məruz qaldığı digər ölkə Belarus indeksdə 153-cü olub. 2020-ci ilin avqustunda mübahisəli prezident seçkisindən bəri müstəqil jurnalistlər işinə görə təqibə məruz qalıb, ölkədə 20-dən artıq media işçisi həbsxanadadır. Ötən ilin mayında kommersiya təyyarəsini Minskdə enişə məcbur edən Belarus hakimiyyəti müxalifət jurnalistini saxlayıb. Bu, ölkənin avtoritar başçısı Alyaksandr Lukaşenkanın media azadlığına daha bir nəzarət cəhdi idi.

Ukrayna indeksdə 106-cıdır, ötən ildən (97) 9 pillə geriləyib.

Azərbaycan, qonşuları

Azərbaycan isə mətbuat azadlığına görə 180 ölkə içində Rusiya ilə Belarusun arasında, yəni, 154-cü yerdə qərarlaşıb və ölkədə mətbuat azadlığı “çox ağır” hesab olunub. Ötən il 167-ci olmuş Azərbaycan reytinqdə 13 pillə irəliləmiş hesab olunur.

Hakimiyyət təmsilçiləri indiyədək oxşar indekslərdə ölkəyə verilən qiyməti qərəzli hesab ediblər. Onların fikrincə, Azərbaycanda bütün digər azadlıqları kimi mətbuat azadlığı da tam təmin edilir.

Ancaq bu ilin əvvəlindən qüvvəyə minmiş yeni media qanunu ölkədəki müstəqil jurnalistlər, eləcə də beynəlxalq qurumlar tərəfindən tənqid olunub. Tənqidçilər hökumətin mediaya nəzarəti sərtləşdirdiyini deyirlər.

Azadlıq radiosu