AXCP sədri Əli Kərimli
Avropa Birliyi Rusiya ilə bağlı ən mühüm qərarını qəbul etmək ərəfəsindədir.
Rusiya-Ukrayna savaşının ilk 2 ayı ərzində Rusiya xaricə 63 milyard dollarlıq neft və qaz satıb. Rusiya həmin neft və qazın 44 milyardlıq hissəsini Avropa Birliyinə satıb. Bu o deməkdir ki, Rusiya bu qiymətlərlə 1 il neft və qaz sata bilsə, (264 milyard dolları AB-dən olmaqla) 378 milyard dollar valyuta əldə edə bilər. Rusiya rəhbərliyi də Ukrayna ilə uzun sürən və qanlı müharibəni davam etdirərkən məhz neft və qaz gəlirlərinə arxayın idi.
Paradoksal vəziyyət yaranıb. Bir tərəfdən Qərb Rusiyaya sanksiyalar tətbiq edir ki, gəlirləri azalsın, müharibəni davam etdirə bilməsin, ancaq digər tərəfdən bahalaşan neft və qaz qiymətlərinə görə Rusiyanın qazancı iki dəfədən də çox artır. Putin və komandası düşünürdü ki, hətta Rusiya Mərkəzi Bankının rezervlərinə və çoxsaylı iqtisadi sahələrə sanksiya qoyulsa da, təkcə artan neft və qaz gəlirlərilə vəziyyətdən birtəhər çıxa biləcəklər.
Rusiya müharibəni başlayarkən əlbəttə ki, sanksiyalara məruz qalacağını bilirdi. Bir neçə variantda proqnozları var idi. Beynəlxalq sanksiyaların zəif, orta və sərt olacağı variantlarını hazırlamışdılar. Ancaq vaxtilə, 2008-ci ildə Gürcüstan ərazisini, 2014-cü ildə Donbasın bir hissəsini və Krımı işğal edərkən Rusiya sərt sanksiyalarla üzləşmədiyindən, bu dəfə də sanksiyaların çox sərt olmayacağını proqnozlaşdırmışdılar. Odur ki, sanksiyalarla bağlı Rusiyada hazırlanmış proqnozların heç birində onların bu qədər sərt ola biləcəyi hesablanmamışdı. Putin heç Mərkəzi Bank rezervlərinə sanksiya qoyulacağını, Rusiyanın SWİFT-dən çıxarılacağını da gözləmirdi. Avropanın Rusiyanın neft və qazından da imtina edə biləcəyini isə Putin hökuməti heç ağlına da gətirmirdi. Tam əksinə, inanırdılar ki, Avropa Rusiya neft və qazından o qədər asılıdır ki, istənilən halda Rusiyadan neft və qaz almalı və Rusiyaya hər il 100 milyardlarla dollar pul ödəməli olacaq. Ukraynaya qarşı savaş qərarı verərkən də daha çox buna – neft və qaz gəlirlərinə arxayın olmuşdular.
Ancaq necə deyərlər, sən saydığını say… Budur, Avropa Birliyi Ukrayna-Rusiya savaşının da, Rusiyanın özünün də taleyini həll edən o mühüm qərara gəlib çıxmaqdadır. Avropa Birliyi tədricən də olsa, Rusiya neft və qazından imtina edəcək. Bu qərar Rusiyaya qarşı indiyədək qəbul edilmiş və bundan sonra qəbul ediləcək sanksiyaların ən ağırı, ən təsirlisi olacaq.
Əgər Rusiyaya indiyədək tətbiq olunan sanksiyalar və Ukraynaya edilən hərbi, iqtisadi yardımlar Ukraynanı məğlubiyyətdən xilas edirdisə, ona özünü müdafiə imkanları yaradırdısa, Rusiyaya qarşı neft və qaz sanksiyası tam tətbiq olunacağı təqdirdə, Rusiyanın iqtisadi və hərbi çöküşünü təmin edəcək.
Qərb liderlərinin ard-arda gələn qətiyyətli qərarları Rusiyaya qələbə üçün heç bir şans saxlamır. Rusiyanın həyat və inkişaf mənbələri ardıcıl şəkildə və qətiyyətlə kəsilir. Bu vəziyyətdə də Rusiya rəhbərliyinin Ukraynaya qarşı başlatdığı işğalı davam etdirməsi əslində Rusiyanın özünü tamamilə iflasa, məğlubiyyətə sürükləməkdir. Rusiya hakimiyyəti hazırda bütün dünya xalqlarına əyani şəkildə nümayiş etdirir ki, avtoritarizm, tək adam hakimiyyəti böyük-böyük xalqları necə fəlakətlərə düçar edir. Necə xalqların azad və firavan yaşamaq arzusunu boğur, necə xalqları yoxsulluğa və səfalətə sürükləyir. Bütün bunları bizim də görməyimiz və lazımi nəticələr çıxarmağımız vacibdir! Əlbəttə ki, ədalət günəşi parlayacaq, Rusiya avtoritarizmi də, onun himayə etdiyi digər korrupsioner və avtoritar rejimlər də mütləq məğlub olacaq!