Əliyevin Putinə olan ümidləri doğrulmadı

AXCP sədri Əli Kərimli

Bir çox soydaşımız sual verir ki, İlham Əliyev nəyə görə Rusiya – Ukrayna savaşı ilə bağlı bu qədər uzun müddət susqunluğunu saxlamışdı? “Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik” sözünü nəyə görə bir də savaşın 65-ci günündə dedi? Bütün sivil dünyanın bölüşdüyü bu mövqeyi İlham Əliyev nəyə görə bir də savaşın üçüncü ayında ifadə etdi?

Çünki, İlham Əliyev “müttəfiqinin” bu savaşda uğur qazanacağına ümid edirdi. Rusiyanın uğur qazanacağına inanmasaydı, Ukrayna ərazilərində qurduğu qondarma “respublikaları” Rusiya müstəqil dövlət kimi tanıyandan sonra, böyük müharibədən bircə gün qabaq Rusiya ilə müttəfiqlik haqda sənəd imzalamazdı.
İlham Əliyev özü 23 fevralda (savaşın başlanmasından 1 gün qabaq) TASS-da Rusiya mətbuat nümayəndələrinə verdiyi açıqlamada demişdi: “Rusiya öz potensialı, coğrafiyası, imkanları ilə istənilən sanksiyalara qarşı davamlıdır”. Sonra hətta bir az da qabağa gedib, əlavə etmişdi: “Birmənalı şəkildə hesab edirəm ki, sanksiyalar tətbiq etmək əks nəticə verəcək”
Yəni “nəyi, nə vaxt və necə etməyi” tək bilən İlham Əliyev müttəfiqi Putinin Ukrayna çətinliyini də aşacağına əmin idi. Əmin idi ki, Rusiya ilə münasibətlərin ən üst müttəfiqlik səviyyəsindən danışırdı. Türkiyə prezidenti Ərdoğan və Rusiya prezidenti Putinlə birlikdə üçlü format yaradacaqlarından bəhs edirdi.

Ancaq ondan asılı olmayan səbəblərdən alınmadı. Putin də, Rusiya da onun düşündüyündən zəif çıxdı. Tam əksinə, Putinin də, Əliyevin də hər zaman qətiyyətsiz və zəif saydığı Qərb dünyası nəhayət, bu dəfə qətiyyət göstərdi və birləşmiş demokratik dövlətlərin avtoritar rejimlərdən nə qədər güclü olduğu sübut olundu.

İlham Əliyev vaxtilə “Putin məni satmaz” deyib güvəndiyi, hamıdan güclü bildiyi Putinin dünyanın gözü qarşısında necə təcrid olunduğunu, ordusunun ağır itkilər verdiyini, iqtisadiyyatının darmadağın edildiyini və məğlubiyyətə sürükləndiyini gördü. Ona görə də məğlubiyyəti labüd görünən “müttəfiqi” ilə arasına azacıq məsafə qoydu. Gözlənilən məğlubiyyəti Putinlə paylaşmaq istəmədi.
Ancaq bu manevr nəticəni dəyişmək iqtidarında deyil. Dünyadan təcrid olunan, günü-gündən məğlubiyyəti labüd görünən təkcə Putinin şəxsi deyil, Rusiyadakı və qonşuluğundakı avtoritar, korrupsioner rejimlərdir, beynəlxalq avtoritarizmdir. Qalib gələn isə tək Ukrayna və ya hətta kollektiv Qərb yox, azadlıqdır. İlk növbədə keçmiş Sovet məkanı başda olmaqla dünyanın hər yerində azadlıq qalib gələcək.