AXCP sədri Əli Kərimli
Ukrayna-Rusiya savaşı həlledici mərhələyə qədəm qoyur. ABŞ və müttəfiqlərinin son günlərdə verdiyi bir neçə mühüm qərar Ukrayna ilə savaşda Rusiyanı qələbə şansından məhrum edir. Bu mühüm qərarları birlikdə dəyərləndirmək lazımdır.
- ABŞ başda olmaqla 42 dövlət Ukraynanı silahla təchiz etməyi öz üzərinə götürdü. Üstəlik, bu dövlətlərin müdafiə nazirlərinin ayda bir dəfə toplanıb Ukraynanın yeni ehtiyaclarını dəyərləndirəcəyi bəyan edildi.
- ABŞ prezidenti Bayden Konqresə müraciət edib, Ukraynaya dəstək üçün 33 milyard dollar ayrılmasını istədi. Bu vəsaitin 20 milyard dollardan artıq hissəsi Ukraynaya hərbi yardımlar üçün nəzərdə tutulur.
- ABŞ Konqresi Lend-Liz qanununu qəbul edərək ABŞ prezidentinə Konqreslə məsləhətləşmədən Ukraynaya istənilən silah yardımı etmək səlahiyyəti verdi.
- Böyük yeddilər Ukraynaya 24 milyard dollar yardım edəcəyini bəyan etdi.
Bütün bu qərarlar nə deməkdir? O deməkdir ki:
1.ABŞ və müttəfiqləri daxili siyasi qərar veriblər ki, Rusiyanın Ukraynanı məğlub etməsinə heç bir halda imkan verməsinlər.
- ABŞ və müttəfiqləri Ukraynanı bir neçə ay yox, ehtiyac yaransa, daha uzun müddətə – Rusiyanın hərbi və iqtisadi gücü tükənənə qədər dəstəkləyəcəklər.
- ABŞ və müttəfiqləri fərqindədir ki, Rusiya-Ukrayna savaşında təkcə Ukraynanın taleyi yox, dünya düzəninin taleyi həll olunur. Ona görə də Qərb bu savaşda Ukraynanın qələbəsi naminə pula xəsislik etməyəcək. Nəinki 10-larla, hətta zərurət olsa, 100-lərlə milyard dolları xərcləməyə hazır olacaq.
- Ukrayna ilə savaşda yaşanan uğursuzluqdan sonra Rusiyanın hərbi qüdrəti artıq Qərb üçün qorxulu görünmür. Ona görə də Rusiyanın hətta taktiki nüvə silahı şantajı belə Qərbi qorxutmadı və artıq Ukraynaya ağır silahlar, hətta Qərb istehsalı olan müasir və dağıdıcı silahlar da verilir və veriləcək.
Bütün bunların qarşısına Rusiya nə ilə çıxacaq? Qaçıb dağılmış KTMT (ODKB) iləmi? Bəlkə öz başının hayında olan Lukaşenko və Əsədin dəstəyilə?
Belə bir şəraitdə Putinin Kiyevə qanadlı raketlər atıb, yaşayış binalarını dağıtması məğlubiyyətə məhkum birinin çarəsiz çırpıntılarından başqa bir şey deyil və situasiyanı qətiyyən dəyişməyəcək.