İşğalın 64-cü günü

Moldova prezidenti ölkədə təxribat törədildiyini deyir

Kreml isə deyir ki, Dnestryanı bölgədə baş verənləri diqqətlə izləyir və regiondan gələn xəbərlər ciddi narahatlıq doğurur.

Dnestryanıda dron hücumlarından danışırlar

Moldovanın Dnestryanı regionunun separatçı rejimi Rusiyanın sursat deposu yerləşən kəndin üzərində Ukraynadan dronlar uçduğunu, sonra atəş açıldığını iddia edir. “Ötən gecə Kobasna kəndi üzərində səmada bir neçə dron görünüb. Dronlar Dnestryanı əraziyə Ukraynadan buraxılıb”, – məlumatda vurğulanır. 

Putin “prinsipcə” razıdır

Rusiya prezidenti Vladimir Putin aprelin 26-da Moskvada səfərdə olan BMT baş katibi Antonio Quterreşə deyib ki, o, Ukraynadakı münaqişəyə danışıqlarla son qoymağın mümkünlüyünə hələ də ümid edir: “Hərbi əməliyyatın davam etməsinə baxmayaraq, biz hələ də ümid edirik ki, diplomatik cığırda razılaşmalara nail ola biləcəyik”. Putin habelə Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodundan dinc sakinlərin evakuasiyasında BMT və Qırmızı Xaçın iştirakına “prinsipcə” razılıq verib.

BMT-dən çağırış

BMT-nin Baş katibi Antonio Quterreş bir daha Ukraynada atəşkəsə çağırıb, Rusiyanın qonşusuna qarşı müharibəsinin dünyada ərzaq təhlükəsizliyinə təsiri ilə bağlı xəbərdarlıq edib. “Effektiv dialoq, atəşkəs, dinc həll üçün mümkün qədər tez şərait yaratmağın yollarının tapılmasında həddən artıq maraqlıyıq”, – Quterres aprelin 26-da Moskvada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşün əvvəlində deyib.

Azadlıq radiosu