AXCP sədri Əli Kərimli
Ukrayna xalqı bütün proqnozları alt-üst etdi. Savaşdan əvvəl heç bir hərbi ekspert, heç bir dövlətin kəşfiyyat qurumu Ukrayna ordusunun Rusiya ilə təqribən bərabər tərəf kimi vuruşacağını proqnozlaşdıra bilməmişdi. Ukraynanın ciddi müqavimət göstərəcəyi, Rusiyanın bu savaşda xeyli itki verəcəyini proqnozlaşdıranlar çox idi. Mən də bu barədə yazırdım. Ancaq Ukrayna ordusunun Rusiya ilə bərabər səviyyəli güc kimi vuruşacağı əsl sürpriz oldu.
Rusiya-Ukrayna savaşının ilk 2 ayı arxada qaldı. Bu iki ayın əsas nəticəsi budur ki, savaş nə qədər uzansa da, Rusiya Ukraynanı məğlub edə bilməyəcək.
Rusiya Kiyev uğrunda döyüşü başlamadan uduzdu. İndi də savaşda əsaslı dönüşə nail olmaq üçün son ümidləri olan Donbas uğrunda böyük döyüş yerində sayır. Rusiya böyük itkilər bahasına Luqansk, Üzüm istiqamətində xırda irəliləyişlər etsə də, Xerson və Xarkov istiqamətlərində də 10-larla yaşayış məntəqəsini də itirib.
Müharibənin başlanmasından iki ay vaxt keçəndən sonra Rusiyanın hücumları bütün istiqamətlərdə dayandırılıb. Ukrayna əvvəllər işğal edilmiş 100-lərlə yaşayış məntəqəsini azad edib. Rusiya ordusu çox ağır itkilər verib. Bu gün isə ABŞ-ın liderliyilə 40 ölkənin hərbi nümayəndələri bir araya gəliblər ki, Ukraynaya hərbi yardımın növbəti mərhələsini müzakirə etsinlər. Ukrayna ordusu Donbas hücumunu dəf edib, xaricdən də gələn ağır silahların köməyilə Rusiyaya qarşı güclü əks-hücum hazırlayarkən Rusiya rəhbərliyi də gərginlik və məyusluq içində öz ayaqları ilə girdikləri bataqlıqdan necə çıxmaq üçün baş sındırır. Rusiyanın 2 ay öncə Kiyevi 2 sutkaya tutmaqla hədələyən müharibə qırğıları indi savaşın Rusiya ərazilərinə daxil olmasının həyacanını yaşayırlar. Ukrayna ordusunun sərhəddən 150 km aralı olan Rusiyanın Bryansk şəhərindəki strateji obyektləri vura bilməsi, ABŞ-dan 300 km-lik məsafədəki hədəfləri vura bilən raket sistemləri alması Rusiyanın Ukraynaya yaxın şəhərlərindəki strateji obyektlərinin vurulma ehtimalını yüksək edir.
Təfərrüatlara varmadan ümumiləşdirim ki, Ukrayna hazırda Rusiya ilə bərabər tərəf kimi vuruşur. Ancaq tezliklə bu bərabərliyin Ukraynanın xeyrinə dəyişəcəyi də gözləniləndir.
Ukraynanın Rusiya ilə savaşda əldə etdiyi nəticə ona görə qeyri-adi uğurdur ki, Ukrayna Rusiyadan ərazi baxımdan 28 dəfə, əhali baxımdan 4 dəfəyə yaxın, hərbi büdcə baxımından 11 dəfə kiçik dövlətdir. Ukrayna öz nümunəsilə Vətən sevgisinin, azadlıq eşqinin və haqlı olma inamının nə qədər böyük qüvvə olduğunu və özündən dəfələrlə böyük və güclü qüvvəyə qalib gəlmə imkanı yaratdığını ortaya qoyur.