İşğalın 60-cı günü – ATƏT əməkdaşları əsir götürülüb

Dnepropetrovski vilayəti də raket hücumuna məruz qalıb

Gecə saatlarında Dnepropetrovsk vilayətinə üç raket düşüb. Bu barədə “Unian” xəbər agentliyi yerli administrasiya rəhbəri Valentin Rezniçenkoya istinadən xəbər verir. Valentin Rezniçenkonun sözlərinə görə, zərbələr nəticəsində bir nəfər ölüb, səkkiz bina dağılıb. Raketlərdən biri dəmir yolu infrastrukturuna, digər ikisi isə sənaye müəssisəsinə düşüb.

Gecə atəşləri nəticəsində Luqansk vilayətində 8 nəfər həlak olub

Luqansk vilayətində Rusiya ordusunun gecə atəşləri nəticəsində 8 nəfər həlak olub, iki nəfər yaralanıb, Luqansk Regional Dövlət Administrasiyasının rəhbəri Sergey Qayday bildirib. Onun sözlərinə görə, azı yeddi ev və bir polis idarəsi dağılıb. Ən böyük dağıntı Qorski, Zolote, Popasnaya, Lisiçansk və Severodonetskdə olub.

Ukraynada ATƏT missiyasının bir neçə əməkdaşı əsir götürülüb

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Ukraynanın şərqində Xüsusi Monitorinq Missiyasının (XMM) bir neçə əməkdaşının əsir götürülməsindən danışıb. İndi təşkilat missiya üzvlərinin azad edilməsi ilə bağlı danışıqlar aparır.

Odessa raket atəşinə tutulub

Ukrayna Silahlı Qüvvələrinin “Cənub” əməliyyat komandanlığı Odessanın raket atəşinə tutulduğunu təsdiqləyir. Məlumata görə, raketlər “infrastruktur obyektlərini” vurub. Odessanın atəşə tutulması zamanı mərmi yaşayış binasına da düşüb. UNİAN agentliyinin məlumatına görə, şəhərdə dörd partlayış səsi eşidilib. Məlumatda bildirilir ki, bir neçə mənzilə ciddi ziyan dəyib. Hələlik insan təlafatı barədə məlumat verilmir.

Azadlıq radiosu