Natiq Güləhmədoğlu
Şuşada Dünya azərbaycanlılarının-diaspor nümayəndələrinin növbəti qurultayı oldu.
Bir azərbaycanlı kimi öyrənmək istədim ki, qurultayın məqsədi, məramı, qərarları nə olub? Keçdim prezident saytına.
Yalnız İlham Əliyevin çıxışı, başqa heç nə yox. Hətta tədbirdən təqdim edilən 17 fotonun 95 faizi İlhamın öz fotosudur. Yalnız 2-3 başqa foto var, onların da biri arxadan çəkilib, iştirakçıların ənsələrindən başqa heç nə görünmürdü.
Sonra baxdım, diaspora komitəsinin rəsmi saytına. Orda Şuşa qurultayından heç nə yox idi. Təsəvvür edirsiniz? Heç nə. Yalnız bir xəbər vardı ki, respublikamıza qurultay üçün gələn qonaq soydaşlarımız Şəhidlər və Fəxri Xiyabanı ziyarət edib. Ancaq, qurultayda kim danışıb, nə danışıb, nə müzakirə edilib, nə qərara varılıb…sıfır!
Dedim bəlkə, odlu-alovlu mətbuat bu barədə nəsə yazıb. Xeyr. Hamı İlham Əliyevin çıxışını tirajlayıb. Vəssalam.
Son ümid yeri ki, qurultaya qoşulanların facebook profilləri oldu. Onlarda da İlham Əliyevlə və Hikmət Hacıyevlə çəkilən fotolardan vəcdə gələrək yazılan statuslardan başqa nəsə tapmadım.
Anladığım nədir? Ola bilməz ki, bu qədər xərc çəkib, el-aləmə car çəkib qurultay keçirəsən, orda çıxış edən, müzakirə aparan olmasın. Qurultayda qərar olur, onsuz qurultay keçməz ki. Yəni, bunların baş verdiyinə şübhəm yoxdur. Bəs niyə heç yerdə bu barədə yazılmır. Mənə belə gəlir ki, bu dövlətimizin qayğıkeşliyindən xəbər verir, canıyananlıqdan irəli gəlir. Çünki, Əliyev çıxışında dedi ki, ulu millətimizə qarşı dünyada hələ də düşmənçilik, qərəz hökm sürür, biz azərbaycanlıların həmin mənzərəni dəyişməsi üçün üzərlərinə böyük vəzifə düşür. Güman ki, buna görə-adamları zalım və namərd qüvvələrin hədəfinə gətirməmək, eləcə də qurultayda qəbul edilən həyati əhəmiyyətli qərarları rəvan şəkildə icra etmək üçün onlar dünya və respublika ictimaiyyətindən gizli saxlanılıb. Başqa varinat sizin ağlınıza gəlirsə, yazın.