Zelenski: “Donbas döyüşü” başlanıb

Ukrayna mediası aprelin 19-da Donetsk regionunda Marinka, Slavyansk və Kramatorskda cəbhə xətti boyunca şiddətli atışma getdiyini xəbər verir

Rusiyanın Müdafiə Nazirliyinin aprelin 19-da yaydığı məlumata görə, ötən gecə Ukraynada 1260 hədəfə zərbə endirilib, Donetsk regionunda Ukraynanın MiG-29 qırıcısı vurulub. Bu iddianı müstəqil təsdiqlətmək mümkün olmayıb.

Rusiya ötən gün Lvova zərbələr zamanı Ukraynaya xaricdən göndərilmiş silahların böyük deposunu, Kiyev regionunda isə sursat anbarını sıradan çıxardığını bildirib. Bu iddia da müstəqil mənbədən təsdiqlənməyib.

Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk aprelin 19-da deyib ki, artıq üçüncü gündür Rusiya ilə heç bir humanitar dəhliz razılaşdırılmır. Mariupol daxil mühasirədə olan şəhərlərdə minlərlə sakinin qaldığı bildirilir.

“Təəssüf ki, humanitar dəhliz razılaşdırılmayıb. Donbasda intensiv atışma gedir. Xerson və Xarkov vilayətlərindən humanitar dəhlizlərin açılması üçün çətin danışıqları davam etdiririk”, – Vereşçuk aprelin 19-da Telegram kanalında yazıb.

Marupol təslim olmayıb

Baş nazir Denis Şmihal deyir ki, Mariupolu müdafiə edən Ukrayna qüvvələri Rusiya əsgərlərinə qarşı sonadək vuruşacaqlar. O, Rusiyanın Mariupoldakı Ukrayna qüvvələrinin təslim olması üçün qoyduğu 17 aprel tarixinə məhəl qoymadıqlarını söyləyib.

“Şəhər təslim olmayıb. Orada hələ də hərbi qüvvələrimiz, əsgərlərimiz var, sonadək vuruşacaqlar. Hazırda isə onlar hələ də Mariupoldadırlar”, – o, ABŞ-ın ABC televiziyasına deyib.

Rusiya ordusu Mariupola demək olar tamamilə nəzarət etdiyini deyir. Nəhəng Azovstal polad zavodunun ərazisi isə Ukraynanın Azov batalyonunun nəzarətindədir.

Mariupol şəhər şurası Azovstal zavodunun altındakı sığınacaqlarda azı min dinc sakinin gizləndiyini bildirir. Onlar əsasən uşaqlı qadınlar və yaşlılardır.

***

Ukrayna ordusu Rusiya qüvvələrinin ölkənin şərqində bütün cəbhə boyu “aqressiv hərəkətlər”ə başladığını bildirir. Prezident Volodimir Zelenski isə şərqi Donbas regionunda gözlənən hücumun başlandığını söyləyib.

Ukrayna mediası aprelin 19-da Donetsk regionunda Marinka, Slavyansk və Kramatorskda cəbhə xətti boyunca şiddətli atışma getdiyini xəbər verir.

Zelenskinin sözlərinə görə, Ukraynanın şərqində “Donbas döyüşü” başlanıb, “bütöv Rusiya ordusunun böyük bir hissəsi bu hücuma yönəldilib”.

Azadlıq radiosu