Aprelin 18-də Göyçay rayonunun Çərəkə kəndində kütləvi zəhərlənmə qeydə alındığı bildirilir. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti aprelin 19-da məlumat yayıb. Məlumata görə, iftar süfrəsinə toplaşan 10 nəfər zəhərlənib.
Göyçay Rayon Polis Şöbəsində aparılmış ilkin araşdırmaya əsasən, həmin şəxslərin pomidordan zəhərləndiyi ehtimal edilir. İş üzrə toplanan materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə məsələ ilə bağlı “Turan”a deyilib ki, aprelin 19-da saat 00:49-da 10 nəfər alimentar qastrit diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə daxil olub: “Həkim heyəti tərəfindən vətəndaşlara ilkin zəruri tibbi yardım göstərilib və vəziyyətləri stabil olduğu üçün ambulator müalicə üçün buraxılıblar”.
Hələlik, zəhərləndiyi ehtimal edilən şəxslər və onların yaxınları ilə danışmaq mümkün olmayıb.
Qafqaz Müsəlmanları İdarəsi bu il aprelin 2-də islamda müqəddəs sayılan Ramazan ayının başladığını açıqlayıb. Həmin ayda bir çox müsəlmanlar gün ərzində oruc tutur, axşamlar oruclarını iftar süfrələrində açırlar.
Azadlıq radiosu