İlham Əliyev xalqımızın 9 milyonunu necə çıxdaş edib?

AXCP sədri Əli Kərimli


İlham Əliyev guya ölkədəki sosial-iqtisadi problemləri müzakirə edib. Ancaq neft qiymətlərinin fantastik dərəcədə artması nəticəsində dövlətin hər ay əldə etdiyi 1.5 milyard dolların xalqın həyatını nəyə görə yaxşılaşdırmadığından danışmayıb. Ölkənin valyuta rezervlərinin və büdcədəki profisitin artdığı halda nəyə görə uşaqpulu verilmədiyini, milyonlarla işsiz üçün iş yeri açılmadığını izah etməyib. Real olaraq 35-40 faiz həddində olan inflyasiyanı azaldıb xalqa 18 faiz kimi təqdim edib. Ancaq izah etməyib ki, hətta onun dediyi 18 faizlik inflyasiya şəraitində pensiyası cəmi 3.4 faiz artmış pensiyaçılar necə dolanmalıdır.
İlham Əliyevin müşavirəsində şəhid ailələrinə, müharibə qəhrəmanlarına qayğıdan yenə də ağız dolusu danışılıb. Ancaq İlham Əliyev xalqa izah etməyib ki, onun hökuməti nəyə görə şəhid ailəsinə başdan-ayağa dağıdılmış Ukraynadan 79 dəfə, maliyyə sanksiyaları altında çökən Rusiyadan 12 dəfə az “qan pulu” verir, veteranların 14 aylıq müavinətini oğurlayır, qazilərimizi, veteranlarımızı yoxsulluğa məhkum edir.
İlham Əliyev sonda adəti üzrə xalqa minnət də qoyub. Deyib ki, son 3 ayda inflyasiya 18 faiz olduğu halda, əhalinin gəlirləri 20 faiz artıb. İnflyasiyanın real həddi haqda yuxarıda yazmışam. Ancaq “əhalinin gəlirləri təxminən 20 faiz artıb” deməklə İlham Əliyev ya açıq yalan danışıb, ya da xalqımızım 9 milyonunu çıxdaş edib, əhali saymır. Çünki maaşları təxminən 20 faiz artan əsasən büdcə təşkilatlarında çalışan və minimum pensiya alan təxminən 1 milona yaxın əhalidir. Bəs 2.6 milyon uşaq, bəs 1.2 milyon pensiyaçı, bəs 3 milyona yaxın real işsiz, bəs monopolistlərin son tikələrini əlindən aldığı kənd əhalisi, bəs özəl sektorda işləyənlər, bəs fərdi əmək fəaliyyətilə özü-özünü dolandıranlar nə etsin? Onların ya aylıq qazançı yoxdur, ya da qazancları artmayıb. 35-40 faizlik inflyasiya, dəhşətli bahalaşma şəraitində tam köməksiz, çarəsiz qalmış 9 milyon insan əhali olmaqdan çıxarılıbmı? İlham Əliyev həmin insanlar qarşısında heçmi məsuliyyət daşımır?