cenub.az saytının rəhbəri saxlanıb

Dünən, aprelin 13-də Masallı rayonunda cenub.az regional xəbər saytının təsisçisi və baş redaktoru Zahir Əmənovun saxlandığı bildirilir.

Bu barədə “Turan”a hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, jurnalist Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə şübhəli sayılır. Həmin ittihamla jurnalistə 5 ilə qədər həbs cəzası verilə bilər.

Bakı Mətbuat Klubunun həmtəsisçisi və direktoru, “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə AzadlıqRadiosuna bildirib ki, aldığı məlumata görə, Z.Əmənov Masallı rayon Polis Şöbəsində saxlanılır, ona dövlət hesabına vəkil təyin edilib, 48 saat ərzində isə məhkəmə həbs-qətimkan tədbiri məsələsinə baxa bilər.

“İttiham gerçək görünmür”

O, ittihamın əsaslı olduğuna şübhə etdiyini deyib: “30 ildir ki, Zahir Əmənovu Azərbaycanın aparıcı regional kütləvi informasiya vasitələrindən birinin rəhbəri, təcrübəli jurnalist kimi tanıyırıq. Ona görə də pul tələb etmə və cinayət başında yaxalanma kimi ittiham gerçək görünmür. İşi nəzarətdə saxlayacağıq”.

A.Əliyev qeyd edib ki, son vaxtlar jurnalist Masallı rayonunda yerli rəhbərliklə münasibətlərində gərginlikdən şikayətlənirdi. Hələlik, bütün bu deyilənlərə Masallı rayon rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Azadlıq radiosu