Yanvar-mart aylarında xarici investisiya 369 milyon manat azalıb

Nemət Əliyev, iqtisadçı ekspert, AXCP iqtisadi siyasət komissiyasının sədri

Azərbaycana pul qoymurlar, ona görə ki, bunun üçün ölkədə əlverişli şərait yoxdur. Xarici sərmayəçilər əsas vəsaitlərə yatırılan investisiyaları bu ilin yanvar-mart aylarında 33 faiz və ya 369 milyon manat azaldıb.

2021-ci ilin yanvar-mart aylarında Azərbaycana 1133 milyon manat yatırım edən xarici müəssisə və təşkilatlar 2022-ci ilin yanvar-mart aylarında bu göstəricini 764 milyon manata endirib. Burada “33% azalma” nominal azalmadır, real azalma faizi isə daha yüksəkdir. Əgər xarici sərmayənin ümumi sərmayədə payı ötən il 48 faiz olmuşdursa, bu il 17 faiz bəndi azalaraq 31 faizə düşüb. Halbuki, işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işlərinin aparılmasına, həmçinin iqtisadi və sosial həyatdakı itkilərin yerini kompensasiya etməyə olan böyük zərurət hökumət qarşısında ölkəyə xaricdən böyük maliyyə vəsaitləri cəlb etmək öhdəliyi qoymuşdu. Lakin Dövlət Statistika Komitəsinin 1-ci rübə dair açıqladığı rəsmi məlumatlar göstərir ki, heç demə hökumət bu vəzifənin heç yaxınlığına da düşə bilməyib, nəinki yaxın düşə bilməyib, əldə-ovucda olan vəsaitlərin bir hissəsi də ölkəni tərk edib. Görünür, xarici iş adamları Azərbaycanı sandığımızdan da yaxşı tanıyırmışlar. Ölkədə bu dərəcədə acınacaqlı vəziyyətin yaranmasının səbəblərini heç kəs başqa yerlərdə axtarmağa tələsməsin, çünki bunun obyektiv səbəbləri köklü şəkildə ölkədaxili ictimai, siyasi, hüquqi, psixoloji, hətta sosial şəraitlə əlaqədardır. Özbaşınalıq, narkotik şərləmələri, qanunsuz həbslər, işgəncələr, qətllər, biabırçı idarəçilik, vətəndaş cəmiyyətinin susdurulması, qanunların ayaq altına atılması, vətəndaşların konstitusiya hüquqlarının heçə sayılması, seçicilərin hüquqlarının əllərindən alınması və ilaxır və sairə səbəblər xarici investorların ölkədən baş götürüb getməsinin əsas səbəbləri sırasındadır. Təsəvvür edin ki, yolu bircə dəfə Azərbaycan Respublikasının Gömrük Komitəsindən düşən xarici iş adamı növbəti dəfə oralara ayaq basmaz. Xarici investorları elə də avam hesab etməyin, çox ayıqdırlar, düşünüb nəticə çıxarırlar ki, əgər həqiqətən də, Azərbaycan biznesin inkişafı üçün əlverişli və təhlükəsiz ölkə olsaydı, yəqin ki, Feyziyev, Feyziyev kimi yüksək vəzifə, titul gəzdirən digərləri Azərbaycan milyonlarını xarici ölkələrə, ofşor şirkətlərə daşımazlar.