Ukraynada əsir düşən tələbə azad olunub

Ukraynanın Mariupol şəhərində martın 17-də əsir götürüldüyü bildirilən, Azərbaycandan olan tələbə Hüseyn Abdullayev azadlıqdadır.

Bu barədə AzadlıqRadiosuna onun özü məlumat verib. H.Abdullayevin sözlərinə görə, onu Rusiya hərbçiləri əsir götürüb: “Səkkiz nəfər idik. Tək mən Azərbaycan vətəndaşı idim. Çeçen əsilli Rusiya hərbçiləri maşınımızı saxladı və məni digər şəxslərlə birlikdə əsir götürdülər”.

26 gün əsir qaldığını deyən tələbə qeyd edib ki, həmin dövr ərzində ona işgəncələr verilib. O, hazırda da səhhətində problem olduğunu söyləyib.

H.Abdullayevin sözlərinə görə, onu əsir saxlayan şəxslər İslamda müqəddəs sayılan Ramazan ayı olduğuna görə onu azad etməyə razılıq veriblər: “Mənim azad olmağımda bir neçə öz dost-tanışımın rolu var. Amma, təəssüf ki, səfirliyimizin bunda heç bir rolu olmayıb”.

Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyindən və Rusiyanın rəsmi qurumlarından münasibət öyrənmək mümkün olmayıb.

Üçüncü kurs tələbəsi olan H.Abdullayev Mariupol Dövlət Universitetində təhsil alırdı.

Azadlıq radiosu