Azərbaycanda korrupsiyanın başında İlham Əliyev və ailəsi dayanır

Milli Şuranın sədri, professor Cəmil Həsənli

Dünən İlham Əliyev “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Özləri transmilli korrupsiya ilə məşğul olub dünyanın bütün ofşor zonalarını fəth edirlər, “Ağıllı kəndin” inşasını öz köməkçisinin şirkətinə verirlər, ölkənin ən gəlirli sahələrini ailə üzvləri arasında bölüşürlər, Londonda milyardlıq ailə mülkləri alırlar, qiymətləri şişirtməklə büdcəni talayırlar, London ofşor hesablarına daşınmış 4 milyardlıq “əsrin oğurluğuna” aydınlıq gətirmirlər, amma korrupsiyaya qarşı “Milli Fəaliyyət Planı” təsdiq edirlər.

Bundan əvvəl də İlham Əliyev korrupsiyaya qarşı mübarizə aparmaq üçün onlarla milli və qeyri-milli sərəncamlar imzalayıb, bir-birindən “təmtəraqlı” komissiya və komitələr yaradıb. Məsələn, hələ 2004-cü ildə İlham Əliyev “Korrupsiyaya qarşı mübarizə haqqında”, 2005-ci ildə “Dövlət vəzifəli şəxslərin maliyyə resurslarının elan edilməsi qaydaları haqqında” qanunları imzalayıb. 2004—2006-cı illər ərzində ölkədə korrupsiyaya qarşı dövlət proqramı, 2007—2010-cı illərdə isə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması dövlət strategiyası haqqında sərəncamlar imzalayıb. Əvəzində korrupsiya daha da cicəklənib, şaxələnib, dövlət strategiyasına, hakim ailənin çirkli xəzinə və sərvət mənbəyinə çevrilib. Korrupsiyaya qarşı mübarizə aparmalı olan komitə və komissiya rəhbərlərinin adları korrupsiya siyahılarından çıxıb.

Nəticə nədir? Nəticə ondan ibarətdir ki, son illərin beynəlxalq korrupsiya hesabatlarda Azərbaycan daha 3 pillə geri gedərək 180 ölkə arasında 129-cu yeri Mali, Qabon, Malavi və Rusiya ilə bölüşüb. Hətta, Zambiya, Niger, Geniyada vəziyyət Azərbaycandan yaxşıdır. Azərbaycan korrupsiyasının magestral yolu Estoniyanın Danske Bankından keçir.

Ona görə bu məsələ “Milli Fəaliyyət planı” qəbul etməklə başa gəlmir e. Gərək milli və transmilli iştahana dur deməyi bacarasan, milli ləyaqət hissini içində gəzdirəsən, oğruluqdan, əyrilikdən, otkatdan, şapkadan imtina etməyi bacarasan.

Bizim ölkədə korrupsiya gizlin əməl deyildir ki, ona qarşı mübarizə aparasan. Azərbaycanda korrupsiyanın başında İlham Əliyev və onun ailə üzvləri dayanır. O, rəhbərlik etdiyi hökumətin əksəriyyət üzvləri ilə korrupsiya ortaqıdır. Bu bəlanın başında hakim ailə dayandığı üçün bizim ölkəni çökürdən, milyonlarla insanı işsiz, çörəksiz qoyan, Azərbaycan körpələrini uşaq pulundan məhrum edən bu kleptokratik korrupsiya şəbəkəsinə qarşı mübarizənin heç bir effekti yoxdur.