Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin tabeliyindəki Modul Tipli Hospitalın işçiləri üç aydır ki, əməkhaqqı almadıqlarını deyir. Bu barədə Azadlıq.info-ya məlumat verən işçilər bildirib ki, hazırda onların nəinki bayrama hazırlaşmağa, hətta bəzilərinin işə gəlib-getməyə də pulu yoxdur.
Modul Tipli Hospitalın 300-dən çox əməkdaşı var. İşçilərin sözlərinə görə, sonuncu dəfə 2021-ci ilin dekabrında maaş alıblar.
“Həkimlər, tibb bacı və qardaşları, porterlər, qeydiyyatçılar və xadimələr heçkim maaş almayıb. Maaşların nə vaxt veriləcəyini heç kim bilmir. Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinə də müraciət etmişik. Sabahdan bayram tətilidir. Maaşın veriləcəyinə ümidimizi itirmişik”, – hospitalın əməkdaşları belə deyir.
Xüsusən koronaviruslu xəstələrin müalicə olunduğu hospitalda işin ağırlığına və risklərə diqqət çəkən işçilər pulsuzluq üzündən evlərində bayramın qeyd olunmamasından narahatdır: “Balaca uşaqlara nə deyək, necə izah edək?”
Hospitalda əməkhaqqı növbə sayına görədir. İş rejimi adi korpuslarda 12 saat, reanimasiyada isə 8 saatdır.
Azadlıq.info