ÇÖRƏYİN QİYMƏTİNİN QALXMASI ÜÇÜN İQTİSADİ ƏSASLAR YOXDUR

İqtisadi Təhlil İnstitutunun sədri Məhəmməd Talıblı

Dünyada qiymət artması fonunda Azərbaycanda bunun üçün heç bir iqtisadi zəmin olmadığını təhlil etməyə çalışaq.

Azərbaycan çörək üçün buğdanın 1,3 milyon tonunu Rusiyadan alır. Rusiya isə mədəni dünyanın ona qarşı iqtisadi sanksiyalara məruz qoymasından sonra o da özünün üstün imkanlarını ifadə edərək ixrac etdiyi buğdanın rüsumalarını artırmaq hesabına idxalçı ölkələri fakt qarşısında qoymaq istəyir. Bunun üçün ölkəmizdə buğdanın qiymətləri arta bilərmi, sualı meydana çıxır.

Əvvəla, Azərbaycan Rusiyadan bu il üçün taxıl idxalının müəyyən bir hissəsini artıq həyata keçiribdir. Digər hissəsi isə müqavilə şərtlərinə görə yaxın aylarda ölkəmizə gətiriləcəkdir. Bu baxımdan idxal hesabına qiymət artımı gözlənilmir. Belə ki, ötən ilin yanvar ayı üçün 5-6 milyon dollarlıq buğda idxalı həyata keçirlmişdisə, bu ilin yanvar ayında isə 32 milyon dollardan artıq həcmdə buğda ölkəmizə gətirilmişdir. Bu isə bizim ən azı yay aylarına qədər buğda tələbatımızı ödəyəcək. Deməli bizim hələlik taxıl ehtiyatlarımız yaranıb.

Digər tərəfdən isə yaxın 3 ay ərzində artıq taxıl yığımı başlayır. Bu zaman isə daxili istehsal imkanlarının və “stokların” yaranması deməkdir. Daxili istehsalla idxal əməliyyatlarının həyata keçirilməsi onu deməyə və məntiqi olaraq düşünməyə əsas verir ki, ölkəmizdə buğdanın qiymətinin artması üçün heç bir iqtisadi əsaslar yoxdur. Həm daxili istehsalla bağlı havalar qeyri-münasib keçmir, digər tərəfdən isə idxal əməliyyatları nəzərdə tutulan qrafik üzrə həyata keçirilib. Qiymət artırılsa, bu o demək olacaq ki, oliqarxlar əllərinə düşən fürsəti fövdə vermək istəməyiblər.