Kiyevdə 35 saatlıq komendant saatı elan edilir

Dünən axşam videoəlaqə ilə başlanmış Rusiya-Ukrayna danışıqları bu gün davam etməlidir

Kiyevin meri Vitali Kliçko 35 saatlıq komendant saatı elan edib. Rusiya qüvvələrinin zərbələri gücləndirdiyi, paytaxta yaxınlaşdığı bir vaxtda mer “çətin və təhlükəli məqam”la bağlı xəbərdarlıq edib.

Komendant saatı bu gün axşam 8-dən başlayır. Kiyevdə yalnız xüsusi icazəylə hərəkət etmək olar.

“Bu gün çətin və təhlükəli məqamdır”, – o deyib.

“Buna görə də Kiyevdə olanlardan iki gün evdə qalmağı, həyəcan siqnalı verilərsə, sığınacaqları getməyi xahiş edirəm… Yalnız sığınacağa getmək üçün bayıra çıxmağa icazə verilir”, – o, sözlərinə əlavə edib.

***

Martın 15-də Çex Respublikası, Polşa və Sloveniyanın baş nazirləri Rusiyanın davam edən hücumu fonunda Ukraynaya “birmənalı” dəstək nümayişi üçün Kiyevə gedəcəklər.

Çex Respublikasının Baş naziri Petr Fiala tvitində yazıb ki, üç lider Ukrayna Prezidenti Volodimir Zelenski və Baş nazir Denis Şmihalla görüşəcəklər.

“Səfərin məqsədi Avropa İttifaqının Ukraynaya, onun azadlığı və müstəqilliyinə birmənalı dəstəyini ifadə etməkdir”, – Fiala yazıb.

Rusiya qüvvələrinin ötən gecə Kiyev ətrafına zərbələri gücləndirdiyi xəbər verilir. Mariupol liman şəhərini zəbt etmək cəhdləri də intensivləşir.

Rusiya qüvvələri Kiyevdə yaşayış məhəlləsini atəşə tutub, paytaxtın qərbində bir binada böyük yanğın baş verib. Azı iki nəfər həlak olub, 27 nəfər xilas edilib. Məlumatı Facebook-da Ukraynanın fövqəladə xidməti yayıb.

Kiyev ətrafında yerləşən İrpin, Qostomel, Buçaya ötən gecə zərbələr endirilib.

Mariupol şəhər şurasının məlumatına görə, martın 14-də şəhərdən humanitar dəhlizlə 160 mülki maşından ibarət karvanın çıxmasına icazə verilib.

***

Martın 15-də Rusiyanın Ukraynaya hücumunun 20-ci günüdür.

Bu gün səhər paytaxt Kiyevə bir neçə zərbə endirilib. Şahidlər şəhərin müxtəlif yerlərində partlayışlar olduğunu deyirlər. Xilasedicilərə üç rayondan siqnal gəldiyi bildirilir.

Ötən gecə ölkənin ikinci böyük şəhəri olan Xarkova çoxsaylı zərbələr endirilib.

Azadlıq radiosu