AXCP sədri Əli Kərimli
Rusiya və Ukrayna Xarici İşlər nazirlərinin Antalya görüşünün nəticəsiz başa çatması o deməkdir ki, yaxın günlərdə Rusiya Ukrayna ərazisində hücumları yenidən genişləndirməyə çalışacaq. Əməliyyatların birinci mərhələsində Rusiya ordusu ciddi itkilər verib. Rusiyanın bir il ərzində bütün ölkə ərazisində səfərbər etdiyi 170 minlik ordu birləşməsinin və döyüş vasitələrinin təqribən 10 faizə qədərini cəmi 2 həftə ərzində itirməsi çox ağır hərbi itkidir. Son bir neçə gündə Rusiya ordusunun ciddi hücum əməliyyatları keçirə bilməməsi də ön cəbhədə daha çox itki vermiş hərbi hissələrin yenidən qruplaşdırılması və əlavə qüvvələrin səfərbər olunması zərurətilə bağlıdır.
Döyüşlərin ilk 2 həftəsi tam olaraq nümayiş etdirdi ki, Ukrayna Rusiya üçün qətiyyən asan rəqib deyil. Rusiya əvvəlki iddia və hikkə ilə döyüşləri davam etdirsə, işğal zonasını genişləndirə bilər. Ancaq savaşın davamı Rusiya üçün də çox ciddi hərbi itkilər vəd edir. Mən qəsdən beynəlxalq sanksiyaların Rusiyanı hər gün bir az da defolta, iqtisadi fəkakətə apardığından bəhs etmirəm. Bu aksiomadır. Ancaq belə görünür ki, Rusiya rəhbərliyi iddialarını təmin etmək və rejimi qoruyub saxlamaq üçün ölkə iqtisadiyyatını qurban verməyi, 10 illərlə geri atmağı gözə alıb. Maraqlıdır ki, Rusiya rəhbərliyi Ukrayna ilə davam edən savaşda ordunun da əhəmiyyətli bir hissəsini itirməyi gözə alıbmı? Savaş illərlə demirəm, hətta aylarla davam etsə, Rusiyanın hərbi itkiləri çox böyük olacaq. Ukrayna xalqının döyüş əzmi, Ukrayna ordusunun döyüş bacarığı və beynəlxalq aləmin Ukraynaya güclü dəstəyi əyani şəkildə ortada olduğu vaxt Ukraynanı sona qədər işğal etməyə, orada oyuncaq işğal rejimi yaratmağa sonadək çalışmaq Rusiya rəhbərliyi tərəfindən siyasi intiharı seçmək olardı. Ona görə də hesab edirəm ki, rəsmən elan etməsə də, Putinin savaşdakı məqsədləri artıq dəyişib. Hazırda Rusiya başa düşüb ki, Ukraynanı işğal edib, “millətçilərdən” təmizləmək, bu ölkədə Kremlə bağlı hökumət qurmaq qətiyyən real vəzifə deyil. Rusiya rəhbərliyi hücumları intensivləşdirib, Zelenski hökumətini ciddi güzəştlərə məcbur etmək istəyir ki, bu savaş avantürasına nəyə görə baş vurduğunu daxili auditoriyaya izah edə bilsin.
Bütün bunlar o deməkdir ki, yaxın günlərdə Rusiya toparlanaraq (bəlkə də sonuncu dəfə) Ukraynada ciddi hərbi uğurlar qazanmağa, Zelenski hökumətini ciddi güzəştlərə məcbur etməyə çalışacaq. Təəssüf ki, hələ qarşıda çoxlu sayda dinc şəhərlərin bombardmanı, ukraynalı dinc sakinlərin öldürülməsi və Rusiyanın ciddi hərbi itkiləri də gözlənilir.
Ukraynalılar bu savaşı seçməyiblər. Onlar azad və ləyaqətli yaşamaq üçün öz vətənlərini qorumağa, bu yolda ağır itkilər verməyə məcbur qalıblar. Əlbəttə ki, burada durdurulası tərəf Rusiyadır. Ancaq onu hələlik nə beynəlxalq aləmin ciddi iqtisadi sanksiyaları və siyasi təcridi, nə də Ukrayna xalqının rəşadətli müqaviməti durdura bilir. Rusiya hakimiyyətini daha böyük səhvlərdən, Rusiyanı daha ağır nəticələrdən qoruya biləcək tək qüvvə rus xalqıdır. Rus xalqı insanlığa, ilk növbədə onun özünə yalnız məhrumiyyət və fəlakət gətirən bu mənasız müharibəni durdurmaq üçün daha böyük iradə və yüksək şüur nümayiş etdirməlidir. İndi bütün dünyanın gözü rus xalqındadır.