Böyük azərbaycanlı vəfat etdi

Bu gün çox acı və ağır xəbər aldım. Sözün tam mənasında böyük azərbaycanlı, böyük ziyalı Rüstəm İbrahimbəyov vəfat edib. Doğrusu sarsıldım bu xəbərdən. Hər şeydən əvvəl Rüstəm İbrahimbəyovla yaxın dostluq münasibətlərim vardı. Sözün tam mənasında o, dostluq sözünün özünü belə zənginləşdirən, ona yeni çalarlar qatan bir şəxsiyyət idi. Onun itkisi mənim üçün yaxın bir dostun itkisidir.

Rüstəm həyat eşqi ilə yaşan, ən ağır məqamlarda belə optimizmini itirməyən, həm fiziki, həm mənəvi olaraq yaşamğın qədrini bilən bir insan idi. Doğrusu mən onu ölməz bilirdim. Və bu tezlikə onu itirəcəyimizi heç ağlıma da gətirmirdim. Ya Bakıda, ya Moskvada ara-sıra görüşürdük, harada olursa olsun tez-tez danışırdıq, hal-əhval tuturduq. Hərdəm zarafata deyirdi ki, adam gərək özünü elə aparsın ki, onun dəfninə ləyaqətli adamlar gəlsin. Bu gün biz sözün tam mənasında ləyaqətli bir ziyalını, sənətkarı, vətəndaşı itirdik.

Şübhəsiz ki, Rüstəm İbrahimbəyov böyük ziyalı idi. Həyatda, sənətdə, ədəbiyyatda, mənəviyyatda, milli taledə öz yeri olan ziyalı. Bu barədə bizim çox söhbətlərimiz olmuşdu. Onun ziyalılığı sözlə ifadə ediləcək bir ziyalılıq deyildi, əməl ziyalılığı idi. Bir çoxlarının fikrincə ziyalı milli ağrının ifadəçisi olmalıdır, amma Rüstəm həmin o mili ağrının özü idi, millətin ağrıyan yeri idi. Təxminən 15 il öncə onunla çox sıx əlaqələrimiz başladı. Həmin vaxtdan başlayaraq onun İçərişəhərdə yerləşən evində Azərbaycan ziyalılarının yaddaqalan bir mühiti formalaşdı. Hətta mənə görə o mühit XX əsrin əvvəllərində bizim ziyalıların “qüdrətli dəstəsinin” yaratdığı milli və mənəvi mühitin tarixi davamı idi. Əlbəttə, onun ideyası və bilavasitə iştirakı ilə yaranmış Ziyalı Forumu və Milli Şura həmin dövrü tariximizin bir hissəsidir və həm də bütün təfərrüatı ilə yaddaqalan bir hissəsidir.

Rüstəm İbrahimbəyov öz sənətinin içində böyüyən, öz yaradıcılığının içində formalaşan yetkin bir sənətkar, yetkin bir qələm əhli idi. Onun yaradıcılığı obrazlı formada desək “Bir cənub şəhəri”ndən başlanıb, “Ezamiyyətdə”n keçmiş, “Ultimatum”da təsdiqlənmiş, “Qış gecəsi”nin “Dar ağacı”ndan asılmış, “Günəşdən usanmışlar” “Urqa – məhəbbət dairəsi”ndə dincəlmiş, “Vurulmayan sillə”yə görə “İstintaq”a çəkilmiş, “Bizim tində” pusquda dayanıb peşəsi oğurluqdan ibarət olan “Siçovul”ları “Cəlilsayağı” ifşada tamamlanıb “Dalğaların düzümü”ndə “Əlvida cənub şəhəri” demişdi. Rüstəm bəyin Bakıda Rasim Ocaqovla birlikdə çəkdiyi silsilə filmlər Azərbaycan kino sənətinin tarixi və mədəni bir nailiyyəti idi.

Moskvada Nikita Mixalkovla birlikdə çəkdiyi filmlərlə o, dünya ekranına çıxdı və 1994-cü ildə onun ssenarisi əsasında çəkilmiş “Günəşdən usanmışlar” filmi “Ən Yaxşı Xarici Dilli Film” nominasiyasına görə Oskar mükafatı aldı. O, keçdiyi həyat yoluna, yaradıcılıq təkamülünə, ziyalılıq mövqeyinə görə “Cənnətə bağlı” bir sənətkar idi. Onun itkisi yeri görünən və hələ uzun müddət də görünəcək bir itkidir. Çünki bütün hallarda mən onun ölməzliyinə inanıram. Əlvida əziz dost, böyük sənət korifeyi, təkrarsız ziyalı və sadə vətəndaş!