Martın 9-da ictimai fəal Bəxtiyar Hacıyev Bakıda Daxili İşlər Nazirliyinin (DİN) binası qarşısında saxlanıb. İctimai fəalın şəxsi avtomobilinin şüşəsi sındırılıb və onu polislər avtomobilindən düşürərək aparıblar.
Baş verənləri B.Hacıyevin özü Facebook səhifəsində canlı yayıb. Videodan görünür ki, B.Hacıyev avtomobilinin yan şüşəsindən Daxili İşlər naziri Vilayət Eyvazovun adı yazılmış hansısa mətn asıb.
O, bundan əvvəl bildirmişdi ki, Yasamal məhkəməsində baş verən xuliqanlıqla bağlı açılan cinayət işi beş aydır uzadılır.
Hüquq müdafiəçisi Rüfət Səfərov da bildirib ki, B.Hacıyev Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. “Hazırda məni ora dəvət ediblər”.
DİN-in izahı
DİN Mətbuat xidməti isə bildirilib ki, B.Hacıyev şikayət əsasında aparılan araşdırmaya etiraz edərək bu gün, martın 11-də saat 14:30 radələrində özünə məxsus avtomobillə nazirliyin inzibati binasının qarşısına gəlib: “Polis əməkdaşları ona yaxınlaşaraq həmin yerdə dayanma-durmanın qadağan olduğunu bildiriblər. Bəxtiyar Hacıyev isə maşındakı yanar mayeni göstərərək özünü də, avtomobili də yandıracağını deyib. Buna görə də polis əməkdaşları müdaxilə etmək məcburiyyətində qalıb və qapını açaraq həmin yanacağı maşından götürüblər. Bununla da polislər baş verə biləcək hadisənin qarşısını alıblar. Bəxtiyar Hacıyev isə etirazının səbəbinin araşdırılması məqsədilə müvafiq polis idarəsinə aparılıb. Hazırda araşdırma davam etdirilir”.
B.Hacıyev bu hadisədən əvvəl, bu il fevralın 11-də Bakı Şəhər Baş Polis İdarəsində rəhbərlik səviyyəsində hədələndiyini də açıqlamışdı. Onun sözlərinə görə, Baş Polis İdarəsinə bir cinayət işi ilə bağlı şahid qismində çağırılsa də, İdarənin rəis müavini Vüqar Ələkbərov onu otağına dəvət edərək çox sərt şəkildə təhdid edib. Gənc fəal bunu V.Eyvazov haqqında yazdığı statusla izah edib.
Amma Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev “Turan”a bildirmişdi ki, B.Hacıyevə qarşı heç bir təhdiddən söhbət gedə bilməz: “Bəxtiyar Hacıyev öz ampluasındadır. Səsləndirilən iddialar əsassızdır”.
Azadlıq radiosu