Gürcüstan rəsmi müraciəti 2024-cü ildə etməyi planlaşdırırdı, amma dünyada dəyişən vəziyyətdən dolayı partiya bu işi sürətləndirməyə qərar verib
Moldova prezidenti Mayya Sandu martımn 3-də ölkəsinin Avropa İttifaqına üzvlüyü üçün ərizəni imzalayıb.
Bu barədə məlumatı AzadlıqRadiosunun Moldav xidməti yayıb.
Sandu bildirib ki, Moldova gələcək üçün, demokratiya və çiçəklənmə şəraitində yaşamaq və azad dünyanın bir hissəsi olmaq üçün məsuliyyətini qəbul edir.
Baş nazir Gürcüstanın Aİ-yə üzvlük üçün müraciətini imzalayır
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili artıq ölkəsinin Aİ-yə üzvlük üçün müraciətini imzalayıb.
“Əziz həmvətənlər. Bu gün Gürcüstan üçün tarixi gündür. Mən dövlətin adından Aİ-yə üzvlük müraciətini imzalayıram. Aİ-yə üzvlük müraciəti Gürcüstanın Avropaya inteqrasiyası yolunda daha bir vacib mərhələdir. Bu mərhələ tariximizdə yeni səhifə açır”, – Qaribaşvili deyib.
***
Gürcüstan martın 3-də Avropa İttifaqına (Aİ) üzvlük üçün rəsmi müraciət edəcək. Daha öncə Ukrayna Rusiyanın təcavüzü fonunda birliyə üzvlük tələblərini gücləndirib.
Hakim Gürcü Arzusu partiyasının sədri İrakli Kobaxidze martın 2-də mətbuat konfransında “Aİ üzvlüyü üçün dərhal müraciət etmək”lə bağlı qərarını açıqlayıb.
Gürcüstan rəsmi müraciəti 2024-cü ildə etməyi planlaşdırırdı, amma dünyada dəyişən vəziyyətdən dolayı partiya bu işi sürətləndirməyə qərar verib.
Martın 2-də Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının Prezidenti Şarl Mişel ilə telefon söhbətində müharibəni və diplomatik səyləri müzakirə etdiyini deyib. Zelenskinin sözlərinə görə, Kiyev “Ukraynanın Aİ-yə üzvlüyü barədə müsbət siqnallar gözləyir”.
Azadlıq radiosu