“Sübut edin ki, bizimləsiniz, əsl avropalısınız, həyat ölümə, işıq qaranlığa qalib gələcək”, – Zelenski vurğulayıb
Bu gün Avropa Parlamenti Rusiyanın Ukraynaya silahlı təcavüzü və bu ölkənin Avropa İttifaqına (Aİ) üzvlük perspektivini müzakirə edir.
İclasa videoəlaqə ilə qoşulan Ukrayna Prezidenti Volodimir Zelenskini deputatlar ayaqüstə alqışlayıblar.
Zelenski çıxışında Xarkovun mərkəzinin bu səhər raket atəşinə tutulmasından, uşaqlar daxil olmaqla dinc sakinlərin öldüürülməsindən danışıb. O bildirib ki, ukraynalılar Rusiya təcavüzü ilə mübarizədə minlərlə qurban verməklə Aİ ölkələrini Ukraynaya dəstək üçün birləşməyə inandıra bildilər. Prezident Ukraynanın Avropanı seçdiyini, Aİ-yə daxil olmaq, Avropa ölkələri ilə eynihüquqlu olmaq istədiyini deyib.
“Sübut edin ki, bizimləsiniz, əsl avropalısınız, həyat ölümə, işıq qaranlığa qalib gələcək”, – Zelenski vurğulayıb.
Bir gün öncə Zelenski və Ukrayna hakimiyyətinin digər təmsilçiləri Aİ-yə üzvlük üçün rəsmi müraciət ediblər. AzadlıqRadiosu-nun Rusiya xidməti yazır ki, Avropa Parlamenti Ukraynaya Aİ-yə namizəd ölkə statusunun verilməsini dəstəkləyə bilər.
Tarixdə belə presedent olmayıb. Aİ-yə üzvlük danışıqları bəzən 10 ildən çox çəkir. Serbiya və Çernoqoriya Aİ-yə namizəd ölkələrdir, bu statusu bir neçə il əvvəl alıblar, amma hələ də danışıqlar tamamlanmayıb. Namizəd ölkələr Aİ-yə üzvlüyü referendumla təsdiqləməlidirlər. Aİ Şurasının Prezidenti Şarl Mişel deyib ki, blok Ukraynanın müraciətinə ciddi yanaşır.
Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, Ukraynanın Aİ-yə üzvlüyünün bu ölkənin guya Rusiyaya yaratdığı hərbi təhdidlərlə əlaqəsi yoxdur.
***
Qonşusu Rusiyanın irimiqyaslı hücumuna məruz qalmış Ukraynanın Prezidenti Volodimir Zelenski Avropa İttifaqını (Aİ) xüsusi prosedurla ölkəsini dərhal üzvlüyə qəbul etməyə çağırıb. Blok rəsmiləri isə bu addımı gerçək saymır.
Zelenski fevralın 28-də Aİ-yə “Ukraynanın xüsusi yeni prosedurla dərhal üzvlüyə qəbul etməsi” üçün müraciət edib.
Azadlıq radiosu