Ukrayna xalqı dünyanı dəyişir

AXCP sədri Əli Kərimli

Təəssüf ki, İlham Əliyevin müttəfiqi Putin Rusiyası belaruslaşma ilə də kifayətlənmir. Təəssüf ki, Rusiya hazırda birbaşa şimalikareyalaşmaya doğru gedir.

Dünya gözlərimiz önündə, həm də çox sürətlə dəyişir. Beynəlxalq avtoritarizmin, zülmün, soyğunçuluğun əsas dayağı, son qalası olan Rusiyanın dünyanı şantaj etmək siyasəti daha keçməyəcək. Putin öz səhv qərarı ilə kollektiv Qərbi daha qətiyyətli siyasət aparmağa təhrik etdi. Ukraynaya hərbi müdaxilədən bir gün sonra, Qərbin ilk sanksiyalar paketi elan edildikdə həmin tədbirləri yetərli hesab etməyərək belə etiraz etmişdim: “Bəs hanı beynəlxalq hüquq? İki dəfə dünya müharibəsindən keçmiş bəşəriyyət hələdəmi bir şey öyrənməyib, hələdəmi təcavüzkar, kobud gücün qarşısında acizdir? Beynəlxalq birlik Ukraynanın işğalını, sadəcə seyr etməməlidir. Dünya birliyi hüquqa, ədalətə yox, gücə inananları, işğalçıları durdurmağı, Ukrayna dövlətçiliyini xilas etməyi bacarmalıdır…
Bu gün sınağa çəkilən təkcə Ukrayna xalqı deyil. Bu gün həm də beynəlxalq birlik sınağa çəkilir.”

Artıq bu gün əminliklə demək olar ki, dünya birliyi bu sınaqdan uğurla çıxmaqdadır. Hazırda ABŞ, AB, NATO, böyük yeddilər etməli olduqları hər şeyi artıqlaması ilə edirlər. Rusiyaya tətbiq edilən sanksiyaları sadalamaq fikrim yoxdur. Bu sanksiyalar Rusiyanın bank-maliyyə sistemini, xarici ticarətini, milli valyutasını, hətta istehsal və ixracatını da çökdürəcək. Həm də kifayət qədər qısa müddətdə. Sanksiyalar Rusiyanın texnoloji inkişafının qarşısını tam olaraq alacaq, hərbi sənayesinin, hətta neft-qaz sektorunun çöküşünə səbəb olacaq. Rusiyanın itkiləri milyardlarla deyil, trilyon dollarlarla hesablanacaq. Rusiya hakimiyyətinin Rusiyaya etdiyi pisliyi heç bir xarici qüvvə edə bilməzdi.
Beynəlxalq birliyin Ukraynaya verdiyi dəstək də bütün gözləntilərin üstündədir. Ukraynaya edilən silah yardımı, o cümlədən döyüş təyyarələri və hava hücumundan müdafiə sistemlərinin verilməsi Ukraynanın hərbi məğlubiyyətinə imkan verməyəcək. Rusiya dayanmayacağı təqdirdə çox ağır hərbi itkilər verməli olacaq.
Ukraynanın Avropa Birliyinə üzvlüyünün müzakirəyə çıxarılması isə Avropada inqilabi dəyişiklikdir.

Bəli, dünya gözümüz önündə dəyişir. Hər zaman səbrli, güzəştlərə gedən, kompromis axtaran, avtoritar liderlər qarşısında çox zaman üzüyumşaq kimi gördüyümüz kollektiv Qərb həlledici məqamda sərt və qətiyyətli ola bildiyini, heç bir avtoritar tiranın şantajından qorxmadığını nümayiş etdirdi.

Kollektiv Qərbin siyasətində belə sərt dönüşün olmasında əlbəttə ki, çoxlarının xidməti var. Bütün dünya boyu 100 minlərlə idealist demokrat, minlərlə siyasətçi, jurnalist, ictimai xadim, mətbuat orqanları, fikir adamları uzun illər ərzində kollektiv Qərbi birliyə və bu prinspial siyasi qərarlara hazırlayırdılar.
Ancaq beynəlxalq birliyin bugünki prinspial mövqeyinin əldə edilməsində fotoda gördüyünüz 3 şəxsiyyətin müstəsna xidmətləri oldu. Dünyanın bütün demokratik qüvvələrini tiranlara, avtoritar rejimlərə, konkret halda Rusiya aqressiyasına qarşı birləşdirə bilmək ABŞ prezidenti Cozef Baydenin böyük tarixi xidmətidir. Tarixdə də belə qalacaq ki, bəşəriyyət üçün həlledici məqamda ABŞ prezidenti azad dünyaya bacarıq və qətiyyətlə liderlik etdi.
Ukrayna prezidenti Zelenski hazırki dövrün əsas qəhrəmanıdır. Savaş zamanı Zelenskinin nümayiş etdirdiyi qətiyyət, vətənpərvərlik, diplomatik bacarıq bütün gözləntilərin üstündə oldu.
Dünyada müşahidə etdiyimiz müsbət dəyişikliklərdə, Qərbin qərarlı və özgüvənli mövqeyinin ortaya çıxmasında Böyük Britaniyanın baş naziri Boris Consonun müstəsna rolu oldu. Rusiya işğalının durdurulması üçün kollektiv Qərbin səfərbər edilməsindı Boris Conson lokomitivlik etdi. O hər zaman bir addım öndə, daha qətiyyətli olmağı bacardı.
Avropa Birliyi liderlərinin, Almaniya baş naziri Olof Şolsun və Fransa prezidenti Makronun son həftədə nümayiş etdirdiyi sərt və qətiyyətli mövqe isə prosesin taleyini həll etdi. Bizim üçün qürurvericidir ki, qardaş Türkiyə də həlledici məqamda bir NATO üzvü olaraq böyük Qərb koalisiyasında layiqli yerini tutdu. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ən həlledici məqamda Qərb liderlərini daha qərarlı olmağa çağırdı.

İndi artıq əminliklə deyə bilərik ki,
dünya daha əvvəlki kimi olmayacaq. Rusiya rəhbərliyi daha dünyanı şantaj edə, himayə etdiyi diktatorları qoruya bilməyəcək. Ukrayna böyük itkilər verib, məhrumiyyətlər yaşasa da sonda haqq etdiyi azadlığına qovuşacaq. Avropa ailəsinin hörmətli bir üzvü olacaq. Azərbaycan da daxil olmaqla bütün avtoritar rejimlərdə dəyişikliklər sürətlənəcək.

Sonda isə dünya düzənində bu inqilabi dəyişikliyin əsas müəllifini mütləq ayrıca qeyd etməliyik. Bu, əlbəttə ki, azadlıqsevər, qürurlu ukrayna xalqıdır. Məhz ukrayna xalqının “ya istiqlal, ya ölüm!” düşüncəsi ilə hamılıqla silaha sarılması, azadlıq naminə ölməyə hazır olması, Rusiya işğalı qarşısında yumruq kimi birləşməsi, özündən dəfələrlə güclü işğalçıya qarşı cəsarətlə vuruşması dünyanı dəyişdi. Təkcə özünün deyil, faktiki dünyanın azadlığı üçün canını fəda edən ukrayna xalqına eşq olsun!