Ukraynaya dəstək şərəf və ləyaqət məsələsidir

Milli Şuranın sədri, professor Cəmil Həsənli

İndi bütün dünyanın gözü Ukraynadadır. İndi bütün dünyanın, ilk növbədə Avropanın taleyi Ukraynada həll edilir, Ukraynada sınaqdan keçir. Bu böhranla bağlı Almaniya kansleri Olaf Şolts Bundestaqda çıxışında açıq şəkildə qeyd etdi ki, Rusiya Prezidenti Putin Avropanın təhlükəsizliyini təhdid edir, o, rus imperiyasını bərpa etmək istəyir və Avropa buna yol verə bilməz ki, Putinlə azad dünya arasında bu konflikt köhnə yaraların üstünü açsın və yeni fəlakətlərə gətirib çıxarsın.

Təcavüzkarı çilovlamaq üçün təəssüf etmək, baş verənlərdən dəhşətə gəlmək, təcavüzə məruz qalmış Ukrayna xalqına acımaq azdır. Əməli addımlara keçmək lazımdır. 1991-ci ildə Səddam Hüseyn Küveytə təcavüz edəndə, 2003-cü ildə İraq region üçün təhlükəyə çevriləndə təcavüzkarı çilovlamaq üçün hansı strategiya sərgilənmişdisə eynisi sərgilənməlidir. Əslində, dünya hazırda daha ağır, daha dağıdıcı təhlükə ilə üzləşib. Nə qədər ki, Putinin ildırım sürətli “qələbəsi” baş verməyib Qərb hərəkətə keçməlidir. Sanksyalar əhəmiyyətlidir, zəruridir, lakin təcavüzkarı çilovlamaq üçün yetərli deyil. Belçikanın Baş naziri De Kru Avropa İttifaqın son toplantısında haqlı olaraq dedi ki, bizə hürən sanksyalar deyil, dişləyən (qapan, tutan) sanksyalar lazımdır.

Rus millətçiləri, Vladimir padşahın təbliğat maşını Putinin Ukraynaya təcavüzünü “Yeni Rusiya” quruculuğu naminə edildiyini rus xalqına sırıyır. Son 30 ildə bunlar az qala 30 dəfə “Yeni Rusiya” qurmağa cəhd ediblər, hamısında da “Köhnə Rusiya” alınıb. Rus gəncləri gərək öz həyatlarının Putinin bu cəfəng, perspektivsiz iddalarına qurban verməsinlər. Bu gün Ukrayna xalqı bütün varlığı, bütün əzəməti ilə dünya üçün təhlükə olacaq “Yeni Rusiya” iddialarının, “İmperiya Rusiyası” təkəbbürlərinin qarşısında dayanıb. Kimin ehsan etməli malı, tökməli qanı varsa gözümüzün qarşısında tarix yaradan, tarix yazan Ukrayna vətənpərvərlərinə ərmağan etsin.

Ukrayna müdafiəçilərinə münasibət şərəf və ləyaqət məsələsidir. Kimin içində azadlıq eşqi, ədalət hissi, haqqa sayğısı varsa Ukraynanın yanında olmalıdır, kimin qüruru, şərəfi və ləyaqəti varsa Ukraynanın yanında dayanmalıdır. Bu haqla nahaqqın savaşıdır, doğru ilə yalanın savaşıdır, imperiya iddialrı ilə azad yaşamağın savaşıdır, ləyaqətlə ləyaqətsizliyin savaşıdır. Hər kəs bu savaşda məhz bu meyarlar baxımından öz yerini müəyyən etməlidir.
Yaşasın Ukrayna!
Yaşasın Ukrayna xalqı!
Yaşasın öz xalqının qəhrəmanlıq mübarizəsinə rəhbərlik edən Ukrayna hökuməti!