“Müdafiə Xətti” İnsan Haqları Əvəz Hafizli ilə bağlı bəyanat verdi

“Müdafiə Xətti” İnsan Haqları Təşkilatı həyacan və narahatlıqla qeyd edir ki, Azərbaycanda jurnalist Əvəz Hafizli xüsusi amansızlıqla (başı və cinsiyyət orqanı kəsilməklə) qətlə yetirilib. Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatından görünür ki, 22.02.2022-ci il tarixdə, saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində 24 yaşlı Əmrulla Güləliyev əmisi oğlu, həmyaşıdı Əvəz Şıxməmmədovu bıçaqla qətlə yetirib. “İlkin araşdırmalara əsasən Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib”- deyə məlumatda bildirilir. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Ə. Güləliyev istintaqa təhvil verilib, təqsirləndirilən şəxs qismində cəlb edilib.

“Müdafiə Xətti” qeyd edir ki, Əvəz Hafizli həmçinin LGBTQI+ fəalı olub. Dövlət hakimiyyəti orqanlarının qarşısında etiraz aksiyaları keçirib, tələb edib ki, LGBTQI+ fərdlərinə münasibətdə ayrı-seçkilik aradan qaldırılsın. O, Baş Prokurorluğun qarşısında protest rəmzi olaraq özünü dəmir hasara zəncirləyib.

“Müdafiə Xətti” bildirir ki, Əvəz Hafizli cinsi oriyentasiyasına görə qohumları tərəfindən dəfələrlə hədələnib, təqib olunub. Eyni zamanda, ötən ilin sentyabrında LGBTQI+ icma üzvü, jurnalist Əvəz Hafizli intihara cəhd edib. O, transfob və homofob blogger Sevinc Hüseynovanın onun şəxsinə yönəlmiş açıq təhdidlərindən sonra bu addımı atıb. Bununla bağlı Əvəz Hafizli hüquq mühafizə orqanlarına-Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq, tam, hərtərəfli, obyektiv araşdırma aparılmayıb, şikayətlərinə adekvat hüquqi qiymət verilməyib.

“Müdafiə Xətti” Azərbaycan Respublikası Konstitusiyanın 25-ci maddəsinin III hissəsini xatırladır: “Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.”

“Müdafiə Xətti” İnsan Haqları Təşkilatı Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 2-ci maddəsini xatırladır: “Hər bir insan, irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti, ana-dangəlmə mənsubiyyəti və digər vəziyyətlərinə görə heç bir fərq qoyulmadan hazırkı Bəyannamədə bəyan edilən butun huquqlara və butun azadlıqlara malik olmalıdır. Bundan əlavə, insanın mənsub olduğu ölkənin və ya ərazinin siyasi, huquqi və beynəlxalq statusuna, bu ərazinin mustəqil, asılı, özunu idarə etməyən və ya suverenliyi hər hansı digər səkildə məhdudlaşdıran ərazi olub-olmamasından asılı olmayaraq, heç bir fərq qoyulmamalıdır.”

“Müdafiə Xətti” Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsini xatırladır: “Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.”

“Müdafiə Xətti” Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 26-cı maddəsini xatırladır: “Bütün insanlar qanun qarşısında bərabərdirlər və heç bir ayrı-seçkiliyə yol verilmədən qanunla bərabər müdafiə olunmaq hüququna malikdirlər. Bununla bağlı ayrı-seçkiliyin bütün növləri qanunla qadağan olunmalıdır və qanun istənilən əlamətə: irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti, doğuşu və ya digər halları ilə bağlı əlamətlərə görə ayrı-seçkiliyə qarşı bütün şəxslərə bərabər və səmərəli müdafiə təminatı verməlidir.”