Azərbaycan hakimiyyəti nəyə görə susur?

AXCP sədri Əli Kərimli

Rusiyanın qondarma Donetsk və Luqansk respublikalarını tanımasına, Ukraynanın ərazi bütövlüyünü pozmasına nəyə görə münasibət bildirmir?
Hətta hakimiyyətini yenicə Rusiyanın köməyilə qorumuş Qazaxıstan hökuməti belə açıq şəkildə bildirdi ki, Ukraynanın ərazi bütövlüyünü tanıyır və qondarma respublikaları tanımayacaq. Rusiyanın sivil dünyanı qarşısına alan zaman dəstəyinə daha çox güvəndiyi Çin belə Ukraynanın ərazi bütövlüyünə açıq dəstəyini ifadə edib. Rusiya ilə münasibətləri qoruyub saxlamağa hər zaman həssas yanaşan qardaş Türkiyə Ukraynanın ərazi bütövlüyünə dəstəyini çox qəti şəkildə ifadə edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “Rusiyanın Donetsk və Luqanskı tanıması qərarını qəbuledilməz hesab edirik.”
Türkiyə XİN-nin rəsmi açıqlaması öz sərtliyi və birməmalılığı ilə diqqət çəkir:
“Rusiyanın Donetsk və Luqansk qondarma respublikaları tanımaq qərarını qəbuledilməz sayırıq və rədd edirik.”
İqtidarlı-müxalifətli Türkiyə siyasi partiya liderlərinin hamısı Ukraynanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə edib. Türkiyə daha bizim strateji müttəfiqimiz sayılmır?
Azərbaycan hakimiyyəti nəyə görə susur? İlham Əliyev nəyə görə bu susqunluğu ilə bizi sivil dünyadan təcrid edir? Rusiya ilə müttəfiqlik haqda bəyanat imzalamaqla müstəqilliyimizdəndəmi vaz keçmişik?