Azərbaycanla Rusiya müttəfiq ola bilərmi?

İlham Əliyevlə Putin arasında imzalanmış sənədin gerçək mahiyyəti

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı

Rusiya bütün dünyanı qarşısına alaraq imperialist siyasətindən əl çəkmək istəmir. Dünən Rusiya prezidenti Donetsk və Luqanskda yaradılmış separatçı rejimləri müstəqil dövlət kimi tanınmaq qərarını verdi. Buna paralel olaraq Ukrayna ilə sərhəddə hərbi gərginlik artan xətlə inkişaf edir, Rusiyanın təhriki ilə separatçı rejimlərlə Ukrayna ordusu arasında kiçik miqyaslı döyüşlər gedir. Artıq Qərb Rusiyanın bu qərarının cavabsız qalmayacağını, daha kəskin sanksiyalarla qarşılıq veriləcəyini bildirməkdədir.
Bu şəraitdə İlham Əliyevin Moskva səfər xüsusi əhəmiyyət daşıyır. Bu səfərin nəticəsi olaraq Azərbaycanla Rusiya prezidentləri mütəfiqlik haqda bəyannamə imzalayıblar. Bu sənəd əsasında iki ölkənin münasibətlərinin müttəfiqlik səviyyəsinə qaldırılacağı nəzərdə tutulur.
Əslində isə bu səfər və imzalanmış bəyannamə Rusiyanın Ukraynaya qarşı tutduğu təcavüzkar siyasətə Azərbaycanı da qoşmaq cəhdidir. Dünyanın Rusiyanı Ukraynaya müharibədən çəkindirmək üçün siyasi diplomatik təzyiqlərə əl atdığı bir məqamda Rusiya ilə müttəfiqlik anlaşması imzalamaq Putinin imperialist siyasətinə dəstək vermək anlamına gəlir. Bu isə Azərbaycanın strateji məsələlərdə ant-Qərb blokunda yer aldığını və xarici siyasətdə Moskvanın direktivlərin tabe olduğunu təsdiq edir.
Digər bir tərəfdən isə, Rusiyanın imperialist siyasəti və Azərbaycan iqtidarının Putin rejimi qarşısındakı itaətkar mövqeyi üzündən Moskva ilə bərabər hüquqlu müttəfiqlik münasibətləri qurmaq real görünmür. Rusiya üçün müttəfiqlik münasibəti suveren dövlətlərin müstəqilliyini məhdudlaşdıraraq onları SSRİ – yə bənzər formada Rusiyanın hegemonluq etdiyi ittifaqa daxil etmək anlamına gəlir . Müttəfiqlik münasibətləri strateji maraqları üst- üstə düşən, bir birinin suverenliyinə hörmət edən ölkələr arasında ola bilər. Rusiya prezidenti Putin isə postsovet ölkələrinin müstəqilliynə həqarət edərək, onları “kvazi dövlətlər” adlandırmışdı. Bu isə Rusiyanın heç bir halda Azərbaycanı bərəbar hüquqlu tərəf kimi qəbul etmədiyini, müttəfiqlik münasibəti adı altında ölkəmizi öz vassalına çevirməyə çalışdığını deməyə əsas verir.
Bundan əlavə, bu gün Moskva Qarabağda erməni separatçılarını açıq aşkar himayə edərək , dövlət suverenliyimizi pozmaqla və ərazimizin bir hissəsini işğal altında saxlamaqla məşğuldur. Belə bir vəziyyətdə Rusiyanın Azərbaycana müttəfiqliyi nədə ifadə olunur? Rusiya bu günə qədər arbitri olduğu 10 noyabr Moskva Bəyannaməsinin şərtlərini yerinə yetirmədiyi, erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasını təmin etmədiyi, Ermənistanı silahlandırdığı halda bu mütəfiqlik münasibətində Azərbaycanın faydası, xeyri, qazancı nədir? Bu halda Moskva Azərbaycana müttəfiq kimi nəyi, hansı faydaları təklif edir? Aydın görünür ki, bu “müttəfiqlik” münasibətlərində Rusiyanın bizə verəcəyi heç nə yoxdur, əvəzində Azərbaycandan alacağı çox şeylər var. Ona görə də, Azərbaycana hazırkı münasibətin dəyişməyədiyi, Qarabağda Azərbaycanın suverenliyinin kobud şəkildə pozulduğu bir şəraitdə İlham Əliyevin Putinlə imzaladığı sənəd müttəfiqliyə deyil, Rusiyanın patronajlığını qəbul etməyə xidmət edir.
Əslində İlham Əliyev Moskva səfəri zamanı bu məsələləri Putinin qarşısında qaldırıb, ən azı 10 noyabr Bəyanatının şərtlərini yerinə yetirilməsi şərtini qoymalı idi. Ancaq bu olmadı və Azərbaycan Moskvanın ölkəmizin suverenliyinə və milli təhlükəsizliyinə qarşı saymazyana davranışlarını qəbul edərək özünü Rusiyanın forpostu kimi aparmaqdadır.
Moskva bu mütəfiqlik bəyanatı ilə həm də Şuşa bəyannaməsini əhəmiyyətsizləşdirərək Rusiya ilə münasibətləri pirioritetə çevirməyə və Azərbaycanın müttəfiqi kimi Türkiyənin rolunu zəuflətməyə nail oldu.
Bir tərəfdən AB ilə qaz ixracını artırmaq barədə razılığıa gəlib, digər tərəfdən isə Qərbələ qarşıdurmaya gedən Rusiya ilə müttəfiqlik anlaşması imzalamaq, xarici siyasətdə milli maraqları deyil, yalnız hakimiyyət maraqlarını əsas götürüldüyünü göstərir. Bu vəziyyətdə Rusiya müharibə başlayacağı təqdirdə, AB ilə əldə olunan qaz ixracı razılaşmasının icrasını da şübhə altına alır.
Göründüyü kimi, əslində müttəfiqlik münasibətləri adı altında Azərbaycanın strateji maraqları nəzərə alınmadan, suverenliyimizə hörmət edilmədən Rusiyanın milli maraqlarımıza qarşı həyata keçirdiyi siyasətə boyun əymək və müstəqilliyimizin məhdudlaşdırılması nəzərdə tutulur.