Azərbaycan deputatları Yerevana gedəcək

Sabah, fevralın 22-də Ermənistanın paytaxtı Yerevanda AVRONEST Parlament Assambleyasının (PA) komitə iclasları keçiriləcək.

Tədbirlərdə Azərbaycan Milli Məclisinin deputatları, AVRONEST PA-da bu ölkənin nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov də iştirak edəcəklər.

Bu barədə Azərbaycan Milli Məclisinin mətbuat xidməti məlumat yayıb.

“Deputatlarımız iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər”, – məlumatda yazılıb.

İclasda iqtisadi, sosial və başqa mövzularda müzakirələr keçirilməlidir.

Avronest Parlament Assambleyası Avropa Birliyinin (AB) “Şərq Tərəfdaşlığı” proqramının parlament formatıdır. O, 2011-ci təsis olunub.

“Şərq Tərəfdaşlığı” proqramı 2009-cu ildə altı keçmiş sovet respublikasının (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus) AB ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna artıq AB ilə assosiasiya sazişlərini imzalayıb. 2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı dəqiq bilinmir.

Belarusla isə əməkdaşlıq dayanıb.

Azadlıq radiosu