Milli Şuranın sədri, professor Cəmil Həsənli
Adam anlamır bunların başındakı ağıldır, yoxsa gənəgərçək yağıdır. TIR sürürcülərin yolu bağlamasını az qala ABŞ Dövlət Departamentinin, Mərkəzi Kəşfiyyat İdarəsinin əməliyyatı kimi yozurlar. NED belə gəldi, qrantlar belə getdi, çevriliş planı işə düşdü və daha hansı cəfəngiyyat. Sən demə İlham Əliyev rejimini 4 TIR yolu bağlamaqla devirəcəkmiş.
Yük daşımaları ilə ailələrini dolandıran bu sürücülər Nəqliyyat Agentliyindən lazım olan müvafiq sənədi ala bilmir. Əgər həmin məntiqlə yanaşsaq gərək həmin sənədi verməyən məmurlar da bu “çevriliş” əməliyyatının iştirkçıları hesab edilsinlər.
İndi hökumətin paçasının arasından böylanan mətbuat yazır ki, sən demə paytaxtın mərkəzi yolunu bağlayan bu TIR-lar müxalifətin “rəngli inqilab” projesinin anonsu imiş. Sən demə AXCP lideri Əli Kərimli bu illər ərzində səssiz -səmirsiz oturubmuş və kamyonların dünənki “əməliyyatından” sonra danışmağa başlayıb. Yəqin ki, sabah da yazacaqlar ki, TIR-ların üzərindəki şüarlar da ya Milli Şuranın, ya da AXCP-nin olmayan qərargahlarında yazılıb.
4 TIR sürücüsünün haqsızlığa etiraz aksiyasına görə Sudan, Boliviya, Venesuela, Belarusiyadan belə 3 qitəni vurublar bir-birinə. A kişi NED hara, TIR hara? Heç kəs də soruşmur ki, bu sürücülərə normal fəaliyyət göstərmək üçün Nəqliyyat Agentliyi qanun üzrə verməli olduğu sənədi niyə vermir, nə məqsədə süründürməçilik edir. Bəlkə onlar da NED-lə əlbirdirlər? Niyə milləti özünüzə güldürürsünüz.
Əlbəttə, yenidən bu “rəngli inqilab” şousu təsadüfün ortaya atılmayıb. Bundan yeni repressiya dalğasının rəngi duyulmaqdadır. Milli Məclisin “tutulması” əməliyyatının 2 ilinə az qalır. Axı ola bilməz ki, bu qədər uzun müddət ərzində ölkədə “dövlət çevrilişinə” cəhd olmasın. Bu müddət ərzində hər rəngə girənlər, əməllərindən rəng verib rəng alanlar, kleptokratik hakimiyyətə rəng qatanlar Milli Şuranın guya Rusiya ilə əlbir olub sabitliyi pozmaq kimi sərsəm şeylər yazır. Amma anlamırlar ki, Milli Şuranın rəhbərliyində olan şəxslərin Putin rejimin avtoritar-totalitar mahiyyəti haqqında yazdıqlarının biblioqrafiyası hazırlansa (elə Ramiz Mehdiyev haqqında zaman-zaman yazdıqlarının da), görərlər ki, bizim avtoritar Rusiya əleyhinə yazdıqlarımızın, çıxışlarımızın ümumi sayı onların “partiya” üzvlərinin sayından çoxdur. Rusiyanın Azərbaycanda “əzəli və əbədi” adamı, tərfdaşı, müttəfiqi, əlaltısı Əliyevlərdir, Putini dünyanın 1 nömrəli siyasətçisi hesab edən İlham Əliyevdir. O adamı başqa yerdə axtarsanız təkərə düşərsiniz.