ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu
lham Əliyevin Ağdam rayonuna səfər zamanı Azərbaycan iş adamlarına müraciəti Ramiz Mehdiyevlə əlaqədar intensiv müzakirələrə görə gündəmdən kənarda qaldığından ona gec də olsa münasibət bildirmək istərdim. Əvvala gəlin tanış olaq görək, prezident nə deyib. “Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir. Əlbəttə ki, bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Ona görə Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar. Biz azad edilmiş torpaqları ancaq bu yolla tezliklə canlandıra bilərik”.
Qeyd edim ki, yerli sahibkarların Qarabağda bərpa işlərinə və biznes qurmağa marağı olsa da onlar bir çağırışla bunu etməzlər. Səbəblərini izah edirəm.
- Qarabağda dövlət sifarişləri ilə həyata keçirilən iri layihələr (oxu yağlı tikələr) tendersiz birbaşa olaraq bölüşdürülüb. İcraçılar əsasən Türkiyə və Azərbaycan siyasi elitasına bağlı olan şirkətlərdir, onlara dövlət büdcəsindən ayrılan vəsaitlər hələ də gizli saxlanılır, hesabatlılıq və şəffaflıq yoxdur.
- Əliyevlər ailəsinin və onların ortaqlarına adına olan şirkətlər əsasən ofşor zonalarda yaradılır, ölkədən oğurlanmış pullar həmin şirkətlər vasitəsilə xaricdə əmlak bazarlarına və banklara sərmayə olunur. Əliyevlərin London mülkləri, Feyziyevlərin ingilis banklarında depozitləri barədə məlumatlı olan yerli sahibkarlar da suallar yaranır ki, nədən onlar öz sərmayələrini gətirib Qarabağa qoymur, bizləri dəvət edirlər, xeyir ola?
- Qarabağda xərclənən dövlət vəsaitlərinə açıq və rəqabətli tenderlər vasitəsilə çıxış əldə edə bilməyən yerli sahibkarlar prezidentin bir çağırışı ora sərmayə qoymaz. Bunun üçün öncə rəqabətli iqtisadi mühit yaratmaq lazımdır.
- Əgər Ağdam Sənaye Parkının rezidentləri yalnız siyasi elitaya bağlı biznes qurumlarından təşkil olunursa, orda da eyni və oxşar şirkətlər Sumqayıt sənaye parkının rezidentləri kimi dövlətin yaratdığı imtiyazlardan bəhrələnəcək, ortalıqda da Sumqayıtda olduğu kimi əhəmiyyətli nəticə olmayacaq, arada dövlətin vəsaitləri israf olunacaq və mənimsəniləcək.
- Ölkədə müstəqil məhkəmə, azad fəaliyyət üçün əlverişli sahibkarlıq mühiti yoxdursa, qanunlar işləmirsə, bu ölkədə sağlam investorlar, azad sahibkarlar yarana və yaşaya bilməz. Odur ki, İlham Əliyev belə çağırışları oliqarx-məmurların iştirak etdiyi dövlət tədbirlərində etsə və onlara vəsaitlərinizi xaricdən gətirib Qarabağa yatırın göstərişi versə daha çox effekt verə bilər.