Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Dünən İlham Əliyev Ağdam rayonuna səfər edib və oradan Azərbaycan iş adamlarına müraciətdə bulunub:
“Azərbaycan iş adamlarına bu gün burada – Ağdam Cümə məscidinin önündə çağırış edirəm ki, gəlsinlər həm Ağdama, həm də azad edilmiş bütün digər ərazilərə sərmayə qoysunlar, vəsait qoysunlar.
Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir. Əlbəttə ki, bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Ona görə Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar. Biz azad edilmiş torpaqları ancaq bu yolla tezliklə canlandıra bilərik”.
Prezident İlham Əliyev bildirib ki, dövlət öz tərəfindən lazımi addımları atır və atacaq, özəl sektorun nümayəndələri də bu işlərdə fəal olmalıdırlar.
Xatırlayırsınızsa 2015-ci ilin fevral ayının ilk günlərində İlham Əliyev sahibkarlara, o cümlədən beynəlxalq investorlara xitabən Azərbaycan manatının dünyanın ən stabil valyutalarından biri olduğunu demiş və onları öz vəsaitlərini manat hesablarında saxlamağa çağırmışdı. İki həftə sonra, 21 fevral 2015-ci il tarixində birinci, 21 dekabr 2015-ci ildə ikinci sərt devalvasiya baş verdi və Azərbaycan manatı bölgənin iqtisadi böhran yaşayan heç bir ölkəsində olmayan qədər – 2,4 dəfə dəyər itirdi!
Yəni, hansısa beynəlxalq investor İlham Əliyevə inanıb, məsələn, bir milyon dollar pulunu manat hesabında saxlasaydı, devalvasiyadan sonra onun əlində yalnız 459 min dollar pulu qalacaqdı! Yəni, sərmayəsi yarıdan da çox itəcəkdi! Və əslində, itməyəcəkdi, həmin 541 min dollarlıq fərqi hakim ailənin bankları qazanacaqdı! Bu qədər sadə!
Bizim hər birimiz devalvasiya nəticəsində sahib olduğumuz bütün maddiyyatın yarısından çoxunu itirmişik, əslində, bu ən böyük oğurluq və talan faktıdır, amma nə yazıq ki, bunu hələ də dərk etmirik…
İlham Əliyev çıxışında iş adamlarını Qarabağa sərmayə qoymağa çağırıb.
Vaxtilə Heydər iş adamlarını ölkəmizə investisiya qoymağa çağıranda yüzlərlə başqa sahibkarlar kimi Zülfüqarlı qardaşları da Vətənə qayıtdılar. Az sonra onların başına nələr gəldiyini hamımız gördük.
Ölkə iqtisadiyyatına yatırılan bütün sərmayələr son 20 ildə eyni trayektoriya ilə əl dəyişib. Bu trayektoriya belə olub:
Sahibkar- Kəmaləddin Heydərov-Pasha Holding
Sahibkar- Ziya Məmmədov- Pasha Holding
Sahibkar- Ramiz Mehdiyev- Pasha Holding
Sahibkar- Fazil Məmmədov- Pasha Holding
Sahibkar- Zakir Qaralov- Pasha Holding və s.
Ölkəmizdə 7-dən 77-yə hamının bildiyi bu gerçəyi xaricdə milyonlarla pul qazanmağı bacaran sahibkar görmürmü, bilmirmi?! Bunu bilə-bilə hansı axmaq (üzr istəyirəm) Azərbaycan iqtisadiyyatına pul yatırar?!
Bundan əlavə, hamımız Qarabağın artıq özəlləşdirildiyini görürük. Qarabağlılara qarşı çox dəhşətli ayrı-seçkilik, diskriminasiya siyasəti həyata keçirilir və bütün Azərbaycan vətəndaşlarından fərqli olaraq onların pay torpaqları hakimiyyət tərəfindən mənimsənilir, özəlləşdirilir. Qarabağa gediş-gəliş belə məhdudiyyətlərlə, icazə ilə həyata keçirilir. Bunu görən hansı sahibkar başqası tərəfindən özəlləşdirilmiş əraziyə investisiya yatırar?!
Yəqin ki, Pandora mücrüsü açılandan sonra Böyük Britaniyadakı sərvətlərini dəyər-dəyməzinə satmaq zorunda qalanlar yatıracaq o sərmayəni Qarabağa. Yəni, öz torpaqlarında özəl obyektlər tikib pul qazanacaqlar.
Azərbaycan iş adamlarını Qarabağa sərmayə qoymağa çağıran prezident daha sonra deyir ki, biz azad edilmiş torpaqları ancaq bu yolla tezliklə canlandıra bilərik!
Yəni, Qarabağın bərpasını dövlətdən gözləməyin!
Dövlətin Neft Fondunda 52 milyard dollar vəsaiti var, Beynəlxalq Bank dələduzluğunda dövlətin və onun kasıb vətəndaşının 10 milyard dollardan çox pulu mənimsənilə bilər, dövlət Avropa Oyunları adlı avantüraya 8 milyard dollar sovura bilər, dövlət Bakının Formula 1 müsibətinə 4 milyard dollardan çox pul silə bilər, dövlətin 1,7 milyard pulu SOCAR-ın təkcə iki şirkəti vasitəsilə oğurlana bilər, dövlətin sərvətləri ilə Azərbaycan məmurları Londonu küçə-küçə, məhəllə-məhəllə satın ala bilər, amma Qarabağa gələndə dövlətin pulu yoxdur, onu iş adamları bərpa etməlidir! O iş adamı ki, Azərbaycanda bir cins olaraq onun kökünü təkcə kəsməyiblər, budamayıblar, dibindən qazıyıb üstünə turşu töküblər ki, bir daha tutmasın.
Odur ki, bu hakimiyyət durduqca Qarabağın qapısı açılmayacaq.