Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
İnsan yaşatdığını yaşamadan ölməz deyiblər.
Bu gün Elmlər Akademiyasının mətbuat xidməti AMEA-nın prezidenti Ramiz Mehdiyevin açıqlamasını paylaşıb. Açıqlama da açıqlama deyil, demarşdır! Şəxsən özü yaratdığı, hər detalına, vintinə bələd olduğu iyrənc idarəetmə sisteminə, həmin sistemin başında duran İlham Əliyevə meydan oxumaqdır!
Ey gidi dünya!
Ramiz Mehdiyev bu yazısında “xalq arasında avtobus müxalifəti, cib müxalifəti kimi tanınan müxalif partiya liderləri” ifadəsini işlədərək hakimiyyətin “yeni konfiqurasiya, dialoq” oyununu ifşa edir. Halbuki, həmin cib müxalifətini cibinə qoyub paketləyən də, sonra bizim üstümüzə salıb qanımızı içən də özü olub. Həmin o cib müxalifəti uzun illərdir Ramiz Mehdiyevdən aldığı təlimatlar əsasında Milli Şuraya, Əli Kərimliyə, bəndənizə qarşı ən ağlasığmaz böhtanlar, hədyanlar səsləndirib, gerçək müxalifəti nüfuzdan salmağa çalışıb. Vaxtilə bizi aşağılayan həmin müxalifətçilərin səsi-sorağı indi Ədalət müəllimin avtobusundan, dumanlı Albiondan… gəlir.
Nəhayət, bu geydirmə müxalifətçilərin xaç atası da onların “avtobus, cib müxalifəti” olduğunu etiraf etdi! Sonda bir işə yaramadılar, ifşa olundular, ancaq bu xalqın ömründən yedilər, illərini aldılar, milyonlarını çaldılar. Və nə yazıq ki, sadəlövh insanlarımız da bəzən bu siyasət dələduzlarının, şarlatanların toruna düşüb küyə getdilər, bizi incitdilər, qırdılar…
Ramiz Mehdiyevin “Milli Məclisin ənənəvi növbətçi trolları” ifadəsinə isə, gerçəkdən də, bayıldım!
Biz müxalifətçilər zaman-zaman YAP, DİN, ƏƏSMN, SOCAR və s. strukturlar səviyyəsində troll işinin həyata keçirildiyini bildirmişik.
Amma indi həmin o “möhtəşəm” layihənin yaradıcısı özü etiraf edir ki, troll işi daha yüksək səviyyədə təşkil olunub və Milli Məclisdə belə ənənəvi növbətçi trollar var! Axı Ramiz müəllim vaxtilə aralarında hətta komitə sədrləri olan həmin deputat-trollara şəxsən mənim barəmdə qalaq-qalaq məqalələr yazdırıb, çıxışlar etdirib, hədyanlar söylətditib. İndi onların daha böyük həvəslə “ustadın” üstünə getməsinə nankorluq deyəkmi, deməyəkmi?!
Akademikin işlətdiyi “Saxta deputat” ifadəsi isə birbaşa İlham Əliyevə əlcək atmaqdır. Axı o deputatlar haqqında onların özlərinin belə bilmədiyi çox şeyi bilir. Sabah danışsa nə olacaq?)))
Mehdiyev açıqlamasında çox haqlı olaraq bəzi akademikləri korrupsiyada ittiham edir. Amma yəqin unudur ki, həmin korrupsioner akademiklərə mən 2011-ci ildə Ziyalılar Forumuna, 2013-cü ildə Milli Şuraya qoşulanda barəmdə hansı yazıları yazdırmışdı…
Nə isə, bunlar keçmişdə qalan məsələlərdir. Əsas odur ki, akademikin qələminə qüvvət, zehninə aydınlıq arzulayaq, etirafların ardı gəlsin. Öz əlilə yaratdığı sistemi kimsə ondan yaxşı ifşa edə bilməz.