Azərbaycan 8 hərbçini Ermənistana qaytarıb

Bu gün, fevralın 7-də Azərbaycan səkkiz hərbçini Ermənistana təhvil verilib.

Bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumata görə, Azərbaycan həmin hərbçiləri humanizm prinsipini rəhbər tutaraq qaytarıb.

Komissiyanın vurğulamasına görə, qaytarılan şəxslərin bir qismi 2021-ci ilin noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır: “…Bu addımın əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi, mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı verməlidir”.

Qurum fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Fransa Prezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşü xatırladıb: “Görüşdə Azərbaycan Respublikasının Prezidenti birinci Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş vətəndaşlarımızın kütləvi məzarlıqlarının yerləşmə yerləri barədə məlumatın Azərbaycan tərəfinə verilməsinə dair məsələ qaldırmış, Ermənistan tərəfi isə bu məsələdə əməkdaşlıq edəcəyinə dair öhdəlik götürmüşdür. Qeyd olunan məsələ Fransa Respublikasının Prezidenti Emmanuel Makron tərəfindən dəstəklənib”.

Həmin görüşdə İ.Əliyev Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla ümumilikdə 3 min 890 Azərbaycan vətəndaşının itkin düşdüyünü söyləmişdi

İki il öncə 9 noyabr razılaşmasından sonra hərbi əsirlər mövzusu Azərbaycan və Ermənistan tərəfi arasında mübahisələrə səbəb olmuşdu. Azərbaycan həmin razılaşmadan sonra saxladığı Ermənistan hərbi qulluqçularını hərbi əsir saymır və onları mühakimə edirdi. Ermənistan isə onları da hərbi əsir sayaraq geri qaytarılmasını tələb edirdi. Azərbaycan sonradan həmin hərbçilərin bir çoxunu minalanmış ərazilərin xəritəsi əvəzində geri təhvil verildiyini açıqladı. Hərçənd, sonradan ölkə rəsmiləri bu xəritələrin böyük ölçüdə həqiqəti əks etdirmədiyini vurğuladılar.

Azadlıq radiosu